AnalitikaGündəmSiyasət

Azərbaycan müstəqil xarici siyasət yürüdən bir dövlətdir

Möhtərəm Prezidentimiz İlham Əliyev Beynəlxalq İnformasiya Agentliyi olan “Rossiya Seqodnya”ya verdiyi müsahibə beynəlxalq aləmdə dünya ictimaiyyəti tərəfindən böyük marağa səbəb olmuşdur. Çünki, müstəqil  Azərbaycan dövləti hazırda xarici siyasət yürüdən ən nüfuzlu dövlətlərdən biridir. İlham Əliyev  müsahibəsində dünyada baş verən hadisələrdən, Azərbaycanın xarici siyasətlərindən, istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilməsindən başlayaraq, Rusiya ilə Azərbaycan, habelə, Azərbaycanla Türkiyə arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətindən, Ermənistanın sülh sazişindən yayınmasından və bu ölkəyə Makron hökuməti və digər dövlətlər tərəfindən öldürücü silahların tədarük edilməsindən, o cümlədən dünyada baş verən mühüm əhəmiyyətli qlobal məsələlərdən söhbət açmışdır.

Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanmışdır. Cənab Prezident İlham Əliyev bu Bəyannamənin imzalanmasını həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addım kimi yüksək qiymətləndirmişdir. Sözügedən Bəyannamədən öncə Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiklik haqqında Bəyannamədə də təhlükə və ya təcavüz zamanı  qarşılıqlı hərbi yardım nəzərdə tutulmuşdur. Hazırda iki ölkə arasında münasibətlərin inkişafı yüksək qiymətləndirilir. Əlbəttə ki, bu müsbət dinamika bundan sonra da qorunub saxlanılacaqdır.

Dövlət başçısı İlham Əliyev müsahibəsində Azərbaycanın uğurlarına kölgə salmağa, rəsmi Bakının müstəqil siyasət yürütməsini gözü götürməyən və buna  mane olmağa çalışan dairələrdən də söhbət açmışdır. Ölkəmizin yaxın-uzaq qonşuları ilə münasibətlərində üzərinə düşən öhdəlikləri yerinə yetirəcəklərini diqqətə çatdırmışdır. Artıq 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin imzalanmasından sonra dünyanın əsaslı şəkildə dəyişməsinə baxmayaraq, rəsmi Bakı şimal qonşusu ilə yüksək səviyyəli münasibətlərinin güclənməsinə kömək edən istənilən addımları dəstəkləyirdi. Prezident İlham Əliyev müsahibəsində bu məqama xüsusi toxunaraq vurğuladı ki, dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi Azərbaycan-Rusiya əməkdaşlığının xarakterinə və formasına təsir göstərmədi.

Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, orta məktəblərdə və ali təhsil müəssisələrində milli dillə yanaşı, rus dilini də tədris dili kimi qoruyub saxlayır. Bundan başqa, regionlararası əməkdaşlıq genişlənir. Azərbaycan Rusiyanın 70-dən çox subyekti ilə yaxın əlaqələr saxlayır, şimal qonşumuzun regionları ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrə dair 10-dan çox saziş mövcuddur. Əlbəttə ki, yuxarıda sadalananların hamısı Prezident İlham Əliyevlə Prezident Vladimir Putin arasında şəxsi etimad münasibətləri və yüksək səviyyəli qarşılıqlı anlaşma sayəsində mümkün olmuşdur. Beləliklə, 2025-ci ildə növbəti hərbi büdcəmizin rekord büdcə olacağını diqqətə çatdıran Prezident İlham Əliyev Ermənistanın sürətlə silahlanmasının fəlakətə aparan yol olduğunu vurğuladı və İrəvana, eləcə də onun havadarlarına mesaj da göndərdi: “Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar” – deyə dövlət başçısı vurğuladı.

Müstəqil  Azərbaycanın Vətən müharibəsində qələbəsi Cənubi Qafqazda siyasi mənzərəni demək olar ki, tamamilə kökündən dəyişdi. Nəhayət, bir sıra dövlətlər və siyasi qüvvələr tərəfindən Azərbaycanın yeni reallıqların formalaşmasında oynadığı tarixi rola Qərbin bəzi dövlətlərinin cavabı ağlasığmaz dərəcədə ağrılı və sərt reaksiyalara səbəb oldu. Son zamanlar yeni geosiyasi mübarizə fəal şəkildə vüsət alır, bu mübarizədə aparıcı rolu Fransa və ABŞ kimi Qərb dövlətləri və itirilmiş mövqelərini bərpa etməyə çalışan Ermənistanın özü oynayırdı. Bu proseslərin fonunda Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələrin Ermənistanda münaqişənin potensial bərpasına şərait yaratdırdı. Buna görə də, Prezident İlham Əliyev müsahibədə ermənilərə aydın şəkildə mesaj göndərdi – Azərbaycan istənilən hərbi təxribata cavab verəcəkdir.

Beləliklə, Prezident İlham Əliyevin möhtəşəm  müsahibəsi sağlam düşüncəli insanları, gələcək nəsli əmin-amanlıq və haqq-ədalət uğrunda mübarizəyə səsləyən bir çağırışdır.

Həsənova Almara,
Xəzər rayonu, 323№li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button