Azərbaycan Ordusu günü-gündən güclənir, qüdrətlənir
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.
Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin payızında başlayan Vətən müharibəsində öz gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirmişdi. İkinci Qarabağ savaşından sonra bir daha təsdiq olundu ki, Şanlı Ordumuz müasir hərbi-texniki bazaya və cəsur döyüşçülərə sahibdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısı hər zaman ordunun gücləndirilməsinin dövlət siyasətinin əsas prioritet sahəsi olduğunu da bildirib. Bu sahəyə qarşı diqqət və qayğının yüksək səviyyədə olması Silahlı Qüvvələrimizi dünyanın ən güclü 50 ordusu sırasına daxil edib.
Azərbaycanda ordu quruculuğu həmişə dövlətin diqqət mərkəzində olub. Həm döyüş, həm də mənəvi hazırlıq bir-birini tamamlamaqla istər ayrılıqda, istərsə də vəhdətdə gücləndirilib, ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir. İkinci Qarabağ müharibəsindən sonra da ordu quruculuğu prosesi sürətlə davam edir, komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər, qarşıda duran bütün vəzifələri yerinə yetirmək, sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Güclənən maliyyə imkanları hesabına Silahlı Qüvvələrimizin ən müasir hərbi texnika, avadanlıqlarla təmin edilməsi iqtisadi müstəqilliyimizin, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin hazırlığına göstərdiyi diqqətin, xalq–ordu birliyinin, gənclərimizdə daim yüksək olan vətənpərvərlik ruhunun nəticəsidir. Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sürsat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Azərbaycan bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Hər bir azərbaycanlı əmindir ki, xalqımız, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da tarixi uğurlar qazanacaq, əhalimizin sosial rifahı daha da yaxşılaşacaq və Vətənimiz gündən-günə çiçəklənəcək. Ölkə başçısı İlham Əliyev bildirdiyi kimi, bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdirirlir və yaxın gələcəkdə Ordumuz yeni, daha yüksək səviyyəyə qalxacaq.
Mətanət Cəfərova,
YAP-ın fəalı