Analitika

Azərbaycan öz niyyətini- sülh və əmin-amanlıq istəyini dünyaya nümayiş etdirir

Sentyabrın 29-da Zəngilanda keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi bir çox aspektdən mühüm əhəmiyyət kəsb edən hadisədir.  Dünyanın 53 ölkəsindən 200-dən çox iştirakçının qatıldığı bu tədbir Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda gördüyü möhtəşəm işləri, erməni işğalı nəticəsində tamamilə dağıdılaraq viran qoyulmuş şəhər və kəndlərimizin sıfırdan necə yenidən qurulduğunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirmək üçün həqiqətən də böyük platformadır. Bu ərazilərdə qurub-yaratmaqla məşğul olan Azərbaycan bununla həm də öz niyyətini- sülh və əmin-amanlıq istəyini dünyaya nümayiş etdirir.

Nəzərə almaq lazımdır ki, “Milli Şəhərsalma Forumu”nda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynayır. Azərbaycan “Milli Şəhərsalma Forumu” şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaradıb və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi və həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün xüsusi platformadır.

Prezident İlham Əliyev Zəngilandakı çıxışı zamanı vurğulayıb ki, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq. İndiyədək 8 şəhər və 92 kəndin Baş planının artıq təsdiq edildiyini və 30 kəndin təməlinin qoyulduğunu bildirən cənab Prezident deyib ki, qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələri həyata keçiriləcək. Bu, bizim Proqramın tərkib hissəsidir.

Bu gün artıq Zəngilanda yaşayış binaları, inzibati binalar inşa olunur. Quruculuq işləri Cənab Prezidentimizin xüsusi diqqətindədir. Artıq Zəngilan və digər işğaldan azad olunmuş rayonlarımız dirçəliş dövrünü yaşayır. Bütün işlər planlaşdırılımış qaydada həyata keçirilir. Və Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda Forumda çıxışı zamanı da bəyan etdiyi kimi, işğaldan azad edilmiş rayonlarımızda quruculuq və sakinlərin öz yurdlarına böyük qayıdışı-Böyük Qayıdış Proqramının icrası məsələsi bir nömrəli vəzifədir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button