AnalitikaGündəmSiyasət

Azərbaycan öz torpaqlarını ədalət və güc yolu ilə geri aldı

Azərbaycan ərazilərinin təqribən iyirmi faizi – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon – Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldı. Bu müddətdə təkcə torpaq zəbt edilmədi, həm də Azərbaycan xalqının milli-mədəni irsi, tarixi abidələri və iqtisadi potensialı sistemli şəkildə məhv edildi. İşğal siyasəti etnik təmizləmə ilə müşayiət olundu: yüzlərlə kənd və şəhər yerlə-yeksan edildi, dinc əhali qətlə yetirildi, bir milyon azərbaycanlı evindən didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Onların insan kimi yaşamaq, mülkiyyətinə sahib olmaq və təhlükəsizliyini təmin etmək hüquqları kobud şəkildə pozuldu.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamə beynəlxalq hüququn və ədalətin bərpası üçün mühüm sənədlər idi. Bu qətnamələr Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu qərarları heç vaxt yerinə yetirmədi. Daha acınacaqlısı isə odur ki, beynəlxalq ictimaiyyət bu qətnamələrin icrasını təmin etmək üçün heç bir təsirli mexanizm işə salmadı. Ermənistan cəzasızlıq mühitindən yararlanaraq işğalçılıq siyasətini davam etdirdi, yeni məskunlaşdırma siyasəti apardı və işğal edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərlə məşğul oldu.

Azərbaycan isə bu illər ərzində həm diplomatik müstəvidə, həm də beynəlxalq hüquq çərçivəsində ədaləti bərpa etməyə çalışdı. Müxtəlif platformalarda işğal faktı gündəmə gətirildi, beynəlxalq təşkilatlar və dövlətlər qarşısında məsələ qaldırıldı. Lakin uzun illər aparılan danışıqlar prosesi nəticəsiz qaldı. Ermənistan qeyri-konstruktiv mövqeyi ilə vaxtı uzatdı, status-kvonu saxlamağa çalışdı.

Nəhayət, 2020-ci ilin payızında Azərbaycan xalqı öz taleyini özü həll etmək üçün ayağa qalxdı. Vətən müharibəsi cəmi 44 gün davam etdi və nəticədə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etdi. Bu müharibə təkcə hərbi qələbə deyildi, həm də milli ləyaqətin bərpası, xalqımızın tarixi ədaləti öz gücü ilə təmin etməsi idi. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etdi.

Müharibədən sonrakı dövrdə isə ölkəmiz sülhə yönəlmiş addımlar atdı. Regionda uzunmüddətli sabitliyin təmin olunması, yeni kommunikasiya xətlərinin açılması, əməkdaşlıq mühitinin yaradılması Azərbaycanın əsas hədəflərindən birinə çevrildi. Azərbaycan dövləti qalib tərəf olaraq revanşizm və intiqam hissi ilə deyil, sülh, əməkdaşlıq və gələcək inkişaf prinsipləri ilə çıxış etdi.

Bu gün Azərbaycan tarixində yeni mərhələ başlayıb – işğaldan azad olunmuş torpaqların bərpası və quruculuq dövrü. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti və infrastruktur layihələri, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında həyata keçirilən yenidənqurma işləri Azərbaycanın gələcəyə baxışını nümayiş etdirir. Məqsəd yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, həm də bu torpaqları regionun inkişaf və əməkdaşlıq mərkəzinə çevirməkdir.

Azərbaycanın səsi bu gün artıq təkcə işğal və ədalətsizliklərlə bağlı deyil, həm də sülhün, əməkdaşlığın və qarşılıqlı inkişafın zəruriliyinə çağırışla eşidilir. Azərbaycanın qələbəsi ədalətin qələbəsi kimi tarixə düşüb, sülh təşəbbüsləri isə ölkəmizin məsuliyyətli beynəlxalq tərəfdaş olduğunu bir daha sübut edir.

YAP Xəzər rayon təşkilatının gənc fəalı
Mehriban Nadirova

Oxşar Xəbərlər

Back to top button