
Azərbaycanla Özbəkistan arasında münasibətlərə yalnız ikitərəfli əlaqələr çərçivəsində baxmaq artıq kifayət deyil. Tərəfdaşlığın coğrafiyası genişləndikcə onun regional və qlobal əhəmiyyəti də paralel olaraq artır.
Cənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə nəqliyyat, logistika və qarşılıqlı bağlantılarla bağlı fikirləri iki qardaş dövlətin yeni geoiqtisadi reallıqların yaranmasında mühüm rol oynaya biləcəyini göstərən mühüm mesajdır. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşən əlverişli coğrafi mövqeləri bir-birini tamamlayan mühüm üstünlüklərdir. Son illərdə məhz bu amil iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığına yeni məzmun qazandırıb.
Burada əsas məqsəd təkcə yükdaşımaların həcmini artırmaq deyil, həm də Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının səmərəliliyini yüksəltmək və yeni iqtisadi əlaqələrin qurulması üçün daha əlverişli imkanlar yaratmaqdır.
Azərbaycan bu nəqliyyat marşrutunun əsas iştirakçılarından biri olaraq infrastrukturun inkişafına, liman və dəmir yolu imkanlarının artırılmasına, eləcə də tranzit prosedurlarının daha da təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verir. Özbəkistanın da bu istiqamətdə fəaliyyətini genişləndirməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı nəqliyyat və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Cənab Prezident İlham Əliyevin müsahibəsində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun gələcək mərhələdə Orta Dəhlizlə əlaqələndirilməsi imkanlarına xüsusi diqqət yetirməsi də mühüm əhəmiyyət daşıyır. Bu dəmir yolu xəttinin mövcud nəqliyyat şəbəkələrinə səmərəli şəkildə inteqrasiya olunması Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını genişləndirə və Azərbaycan ərazisindən keçən marşrutların strateji əhəmiyyətini daha da yüksəldə bilər. Belə əməkdaşlıq nəticə etibarilə yeni iqtisadi coğrafiyanın formalaşmasına əhəmiyyətli təsir göstərəcək.
Bu proses Azərbaycan üçün başqa mühüm imkanlar da yaradır. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişlənməsi Azərbaycanın yalnız tranzit ərazisi kimi deyil, həm də investisiya, istehsal və logistika imkanlarını özündə birləşdirən regional mərkəz kimi mövqeyini gücləndirir. Özbəkistanla əməkdaşlıq isə bu istiqamətdə ən böyük perspektiv vəd edən sahələrdən biridir. İki ölkə arasında yaradılan investisiya mexanizmləri və həyata keçirilən birgə layihələr nəqliyyat əməkdaşlığının iqtisadi tərəfini daha da gücləndirir. Nəqliyyat dəhlizlərinin effektivliyi yalnız yolların və dəmir yollarının mövcudluğu ilə ölçülmür.
Bu prosesdə siyasi sabitlik, qarşılıqlı etimad, gömrük və logistika prosedurlarının uyğunlaşdırılması, eləcə də yük sahibləri üçün rəqabətqabiliyyətli şərtlərin təmin edilməsi də mühüm rol oynayır. Azərbaycan və Özbəkistan arasında yüksək səviyyədə olan siyasi münasibətlər bu baxımdan əhəmiyyətli üstünlük yaradır. Dövlətlər arasında etimad və qarşılıqlı anlaşma güclü olduqda genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi üçün daha əlverişli şərait formalaşır.
Nəticə olaraq, Azərbaycan və Özbəkistanın nəqliyyat sahəsində əməkdaşlığı yalnız iki ölkənin milli maraqlarına deyil, eyni zamanda daha geniş regional hədəflərə xidmət edir. Orta Dəhlizin inkişafı, Mərkəzi Asiyanın dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsi və yeni nəqliyyat bağlantılarının yaradılması Azərbaycan-Özbəkistan tərəfdaşlığını gələcək Avrasiya nəqliyyat sisteminin əsas elementlərindən birinə çevirə bilər. Bu baxımdan, iki ölkə arasındakı qardaşlıq münasibətləri artıq yalnız mənəvi və siyasi anlayış kimi deyil, konkret iqtisadi və strateji nəticələr doğuran real və güclü tərəfdaşlıq modeli kimi özünü göstərir.
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini



