
Azərbaycan Pakistan əlaqələrinin dərin tarixi kökləri, iki ölkənin xalqlarının bir-birinə qarşılıqlı hörməti, vətən müharibəsi zamanı qardaş Türkiyə ilə bərabər Pakistanın da haqq səsimizə səs verməsi bu gün hər iki ölkənin həm hökümətləri həm də xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasının əyani sübutudur. Hazırda Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu, hərbi sahədən tutmuş energetika, iqtisadiyyat, mədəniyyət, siyasət də daxil olmaqla bütün istiqamətləri əhatə edir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. 1993-cü il aprelin 30-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik edib. Qarşılıqlı əlaqələrin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də ciddi rol oynayır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xətti ilə Pakistanda bir sıra mühüm layihələr həyata keçirilmiş, zəlzələdən zərərçəkmiş məktəblər təmir edilmiş, tibb müəssisələri müvafiq avadanlıqlarla təchiz edilmişdir.
Pakistan Cənubi Şərqi Asiya ilə Orta Asiya arasında spesifik bir mədəniyyət və ədəbiyyat yaratmış ölkədir. Orta Asiya türk sivilizasiyası ilə Cənub Şərqi Asiya müsəlman intibahının ən mühüm ənənələrini yaradıcı şəkildə sintez etmək və həmin mədəni dəyərlərin ölkə daxilində mövcud olan xalqların mədəniyyətləri ilə qaynayıb-qarışmasına nail olmaq vahid Pakistan mədəniyyətinin mahiyyətini müəyyən edir. Daha doğrusu, qədim və köklü ənənələrə malik yerli mədəniyyətlərlə türk-islam sivilizasiyasının inteqrasiyası bənzərsiz Pakistan mədəniyyətini meydana çıxarmışdır. Bu mənada Pakistan Anadolu və Qafqazdan Orta Asiya və Hindistana qədərki mədəniyyətlər arasında möhkəm və davamlı bir körpü funksiyasını şərəflə və məsuliyyətlə yerinə yetirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri iki dost, qardaş ölkənin münasibətlərinin dünəni və bu günü əsasında yeni prioritetlərin müəyyənləşdirilməsinə geniş imkanlar açacaq. “Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq” fikirləri ilə dostluğumuzun, qardaşlığımızın dildə deyil, atılan hər bir real addımda öz təsdiqini tapdığını əsaslı şəkildə diqqətə çatdıran Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif belə bir əminliyi də ifadə etdi ki, bu səfər iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmlənməsini təmin edəcək. Səfər zamanı Prezident İlham Əliyev iyulun 11-də İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərlə bağlıdır: “Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.
Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edən dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Hər bir səfərin əhəmiyyətini nümayiş etdirən mühüm məqamlardan biri də əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanmasıdır. Dövlətimizin başçısının bu səfəri çərçivəsində 10-dan artıq sənəd imzalandı. Ümumilikdə indiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır. Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Bu baxımdan bu günlərdə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşü oldu. Hər bir səfər münasibətlərdə yeni bir səhifənin açılmasıdır. Səfər çərçivəsində cənab İlham Əliyevin pakistanlı həmkarı Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü keçirildi və əməkdaşlığın gələcək prioritetləri müzakirə olundu.
Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, ikitərəfli iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan verir. Bu əlaqələrin inkişafı, hər iki ölkənin iqtisadi potensialını artırmaqla yanaşı, regionun iqtisadi stabilliyinə və inkişafına da müsbət təsir göstərəcək.
Natiq Mahmudov,
Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşı



