
Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Ötən həftə Prezident İlham Əliyevin Pakistana rəsmi səfəri ilə yadda qaldı. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.
Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb. Güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq.
Cənab İlham Əliyevin Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini qətiyyətlə müdafiə etməsi, bunun Haqq işi olduğunu və problemin həllinin beynəlxalq hüquq normaları əsasında vacibliyini qeyd etməsi bir daha göstərdi ki, Azərbaycan xalqı və onun Lideri öz əhdinə sadiqdir.Həmçinin İslamabada dövlət səfəri zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev perspektiv əməkdaşlıq əlaqələrindən də bəhs etdi və bütün planların uğurla icra ediləcəyinə əminliyini bildirdi.
Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini



