
Azərbaycan ilə Pakistan arasındakı münasibətlər də yaxın dostluq və qardaşlıq münasibətlərinə, strateji əlaqələrə əsaslanır. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Pakistan 12 dekabr 1991-ci ildə rəsmi olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. Qardaş ölkə 9 iyun 1992-ci il tarixində Azərbaycanla diplomatik əlaqələrin yaradılması haqqında qərar qəbul etmiş, 12 mart 1993-cü ildə Bakı şəhərində səfirliyini açmışdır.Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır. Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir.
Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına bu dəfəki səfəri ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq əlaqələrini daha da dərinləşdirəcəyini və münasibətlərimizin yeni mərhələyə qədəm qoyacağını söyləyə bilərik.Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında 44 günlük İkinci Qarabağ müharibəsi haqqında bildirdi ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir.
Eyni zamanda da cənab Prezident İlham Əliyev Azərbaycanın Pakistanı Kəşmir məsələsində hər zaman dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini xüsusi vurğuladı. Qeyd olundu ki, Cəmmu və Kəşmir məsələsində Azərbaycanın birmənalı dəstəyi ölkəmizin qardaşlığa, eləcə də beynəlxalq hüquqa olan sadiqliyinin nümayişidir.
Səfər zamanı keçirilən məhdud və geniş tərkibdə görüşlərin çox məhsuldar olduğunu bildirən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif qeyd edib ki, münasibətlərimiz onilliklər ərzində davam edir və hər iki ölkə arasında münasibətlər səmimi xarakter daşıyır. O,həmçinin əlavə edib: “Biz fərqli dillərdə danışırıq.Biz urdu, siz Azərbaycan və ya türk dilində danışırsınız. Bir-birimizdən uzaqda yaşayırıq. Lakin qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq”.
Ümumilikdə Azərbaycan-Pakistan münasibətlərinin uğurlu inkişafı dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir.Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli, eyni zamanda, çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.Azərbaycan Prezidentinin yüksək mənəvi keyfiyyətləri, diplomatik məharəti və bənzərsiz siyasəti ölkəmizi xoşbəxt və firavan gələcəyə aparır.
Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı



