Azərbaycan region üzrə bütün platformalarda söz sahibidir
Hər xalqın, dövlətin, hətta hər bir fərdin tarixin bir dönəmində sınaq günü olur. Hər kim bu sınaqdan uğurla, üzüağ çıxırsa onun yaşamağa, inkişaf etməyə haqqı da olur. Azərbaycan xalqının da tarixdə az sınaqları olmayıb. 2020-ci ilin payızında baş verən və xalqımızın, dövlətimizin, Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Xalqımız yurd, torpaq itkisi ilə nəinki 30 il, hətta 100 il də keçsə barışmayacağımızı bir daha sübut etdi. Müharibə də ermənilərdən fərqli olaraq bütün qaydalara uyğun, mərdliklə, mülkü şəxslərin canlarına toxunmadan aparıldı, ədalət meyarı heç vaxt yaddan çıxarılmadı. Ermənistan sillahlı qüvvələrinin 30 ildə məhv etdiklərini bu gün Azərbaycan yenidən qurur, ermənilərin xarabalığa çevirdikləri kənd və şəhərlərimiz gülüstana dönür.
Artıq Qarabağ münaqişəsi yoxdur. 30 il münaqişənin həlli ilə guya məşğul olan, halbuki bu illər ərzində Qarabağı Azərbaycandan qoparmağa və Ermənistana birləşdirməyə çalışan ATƏT-in Minsk qrupu da yoxdur. Adıçəkilən beynəlxalq təşkilat kimlər üçünsə var ola bilər, amma Azərbaycan xalqı üçün artıq keçmişdir. Hər şey reallıqla ölçülür, dünya bunu Azərbaycanın yanaşdığı kimi qəbul edir. Erməni politoloqlardan bəziləri Azərbaycanın regional gücə çevrildiyini qəbul edərək soydaşlarını realıqla barışmağa dəvət etsələr də Azərbaycanın qələbəsini, haqqı olanı aldığını qəbul etməkdə çətinlik çəkənlər bu gün İrəvanın küçələrində etiraz aksiyaları keçirir, xislətlərinə uyğun olaraq Azərbaycanla müharibə dilində danışmaq istəyirlər. Bununla paralel olaraq Ermənistanla Azərbaycan sərhədlərini müəyyən etmək üçün danışıqlar aparılır, sülh prosesini yaxınlaşdırmaq üçün beynəlxalq qayda və prinsiplərə uyğun olan 5 maddəlik şərt qarşı tərəfə verilib. Əsrlər boyu davam edən münaqişəyə son qoymaq, iki dövlət arasında dayanıqlı barışı təmin etmək üçün addımlar atılır. Ermənistandakı revanşist, faşist qüvvələrə də başa düşməlidir ki, Azərbaycan ərazi işğal etməyib, dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazilərində suveren hüquqlarını bərpa edib və onların da ərazi iddialarına rəsmən son qoymaları lazımdır. Qarabağ Azərbaycan ərazisidir və belə də olacaq. Ən önəmlisi isə Zəngəzur dəhlizinin açılmasıdır. Bu barədə sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev bildirib ki,-“Daha bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasında, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail olacağıq. Yəni, biz gündəliyi diktə edirik. Çünki biz qalib dövlətik, Ermənistan məğlub edilmiş dövlətdir. Bu reallığı hər kəs qəbul etməlidir və edir. Əlbəttə ki, bu amil Azərbaycan-Ermənistan təmasları əsnasında ön plandadır”.
Bəli, Azərbaycan regionda söz sahibidir, müharibənin taleyini müəyyənləşdirdiyi kimi, sülh prosesinin mətnini də özü yazır, Ermənistan istəsə də, istəməsə də bu belə olacaq.
Şəbnəm İsmayılova
YAP-ın gənc fəalı