Azərbaycan səhiyyəsinə böyük töhfələr bəxş etmiş görkəmli akademik Zərifə xanım Əliyeva

Elə insanlar var ki, onların həyatı mayaka bənzəyir. Başqaları da belə insanlara oxşamağa çalışır, onları özləri üçün nümunə sayırlar. Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bu qəbildən olan insanlar sırasında yer alır. Biz onun timsalında Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Zərifə xanım Əliyevanın portret cizgiləri, mənalı həyatı və fəaliyyəti qadınlarımızın zərifliyini və fədakarlığını təcəssüm etdirir.
Zəngin və mənalı ömür yolu keçən Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb.
Akademik Zərifə Əliyeva Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyub. Zərifə xanım Əliyeva əqidə adamı idi və heç vaxt çətinliklərin üstünə getməkdən çəkinmirdi. Xarakterindəki prinsipiallıq, həmçinin insanlara qarşı böyük sevgi hissi bəsləməsi onun peşə seçimində özünü göstərdi. O, həyatını çətin, ancaq hər kəsə gərək olan tibb sahəsi ilə bağlamağa qərar verdi. Zərifə xanım Əliyeva sonradan bu sahədə çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirdi. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.
Gözəl müəllim, bacarıqlı təşkilatçı kimi tanınan Zərifə xanım Əliyeva davamçılarının çox olmasını arzulayırdı
Zərifə xanım Əliyevanın həyatında pedaqoji fəaliyyət də mühüm yer tutur. O, heç bir halda özünü sırf elmi axtarışlara qapanan bir alim kimi təsəvvür etmirdi. Zərifə xanım özü gecə-gündüz öyrəndiyi kimi, həm də bildiklərini başqalarına öyrətmək istəyirdi. 1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alan alim bir qədər sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Zərifə xanım Əliyeva elmi axtarışları ilə yanaşı, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə geniş pedaqoji iş aparırdı. Ümumiyyətlə, Zərifə xanım davamçılarının çox olmasını arzulayırdı. Gözəl müəllim olan Zərifə xanım illərlə əldə etdiyi bilikləri həvəslə həkimlərə çatdırmağa böyük səy göstərirdi. Onun rəhbərliyi ilə bir çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir.
Zərifə xanımı fərqləndirən cəhətlərdən biri də bu idi ki, o, cəmiyyətdə daim fəal mövqe tutmağa çalışır və ictimai işlərə qoşulurdu. Səmərəli ictimai fəaliyyət üçün xüsusi istedad tələb olunur. Tanrı bu müdrik xanıma belə bir istedadı da bəxş etmişdi. Dövrünün ictimai həyatında yaxından iştirak edən akademik, Əməkdar elm xadimi Zərifə Əliyeva keçmiş SSRİ-nin Oftamoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, SSRİ və Azərbaycan Sülhü Müdafiə Komitəsinin rəhbər orqanlarının, respublika “Bilik” cəmiyyəti İdarə Heyətinin və “Novosti oftalmologii” jurnalının redaksiya heyətinin üzvü kimi ən müxtəlif, məsuliyyətli vəzifələri böyük bacarıq və ləyaqətlə yerinə yetirirdi. 1977-ci ildə professor Zərifə xanım Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilib.
Tibb elminə gətirdiyi yeniliklər Zərifə xanım Əliyevaya hələ sağlığında bütün dünyada böyük şöhrət qazandırmışdı
Zərifə xanım Əliyevanın tədqiqatları, elmi axtarışları Azərbaycanda bir yenilik idi. Sonralar böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi. Bununla belə, Zərifə xanım Əliyevanın elmi yaradıcılığının və praktiki fəaliyyətinin nəticəsi olaraq tibb elminə gətirdiyi yeniliklər hələ onun sağlığında respublikamızın sərhədlərini aşmışdı və Azərbaycan aliminə beynəlxalq səviyyədə böyük şöhrət qazandırmışdı. Belə bir faktı qeyd etmək yerinə düşər ki, Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H. Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. Onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. O dövrdə ümumittifaq mükafatları müttəfiq respublikalardan olan alimlərə tək-tək hallarda verilirdi. Amma peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatına – SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. Professor Z.Əliyeva həm də həmin mükafatla təltif edilən ilk qadın alim idi. Bütün bunlar onun elmi araşdırmalarının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinə bariz sübutdur.
Ulu Öndər Heydər Əliyev kimi unikal şəxsiyyətin ömür-gün yoldaşı olmaq Zərifə xanım üçün həm xoşbəxtlik, həm də böyük məsuliyyət idi. Həkim kimi peşə fəaliyyətində, alim kimi elmi axtarışlarında böyük uğurlar qazanan Zərifə xanım Əliyeva barəsində söhbət açarkən onun xalqımızın tarixdən gələn ailə ənənələrinə sadiqliyini də xüsusi qeyd etmək lazımdır. O, peşəsini sevdiyi kimi, ailəsinə, uşaqlarına, ömür-gün yoldaşına da bütün varlığı ilə bağlı idi.
Tənzilə Lətifova,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti



