AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstan əsrlər boyu qardaşlıq şəraitində yaşamışlar

Bildiyimiz kimi, Prezident İlham Əliyevin Gürcüstanın Baş Naziri ilə görüşü baş tutub. Görüş sonrası mətbuata bəyanatla çıxış edən Ölkə başçısı bildirmişdir ki, bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır və davam etdirilir. Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

O, vurğulayıb ki,  İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.

Orta Dəhliz hər iki ölkənin mənafeyinə uyğundur deyə çıxışına davam edən cənab Prezident bildirmişdir ki, bu gün qarşı tərəflə Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.

Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir.

Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır.

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana (1 dövlət, 1 rəsmi, 9 işgüzar) səfər etmişdir. Son rəsmi səfər 05-06 noyabr 2015-ci ildə, işgüzar səfər 08 oktyabr 2023-cü ildə həyata keçmişdir. Gürcüstanın sabiq Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 (1 rəsmi, 1 işgüzar) səfər etmişdir. Rəsmi səfər 27-28 fevral 2019-cu ildə, işgüzar səfər (IX Qlobal Bakı Forumunda iştirak) isə 16 iyun 2022-ci ildə baş tutmuşdur. Belə sıx görüşlər hər iki ölkənin inkişafına müsbət təsir göstərməkdədir.

Məmmədova İlahə,
Xəzər rayonu, Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button