
30 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Bakıya rəsmi səfəri çərçivəsində baş tutan görüş və mətbuata verilən bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini bir daha nümayiş etdirdi. Bu səfər təkcə iki dövlət başçısının diplomatik görüşü deyil, həm də Azərbaycan–İtaliya münasibətlərinin yeni mərhələyə qədəm qoymasının simvolu idi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan və İtaliya arasında əlaqələr qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu münasibətlər son illərdə enerji, sənaye, təhsil, mədəniyyət və müdafiə sahələrində əldə olunan konkret nəticələrlə daha da möhkəmlənib. Xüsusilə enerji sahəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır və İtaliya bu istiqamətdə bizim ən yaxın tərəfdaşlarımızdan biridir.
TAP qaz kəməri vasitəsilə Azərbaycan qazının Avropaya, o cümlədən İtaliyaya çatdırılması, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi bu əməkdaşlığın real nəticələridir. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, İtaliya Azərbaycanın Avropadakı bir nömrəli ticarət tərəfdaşıdır və bu, qarşılıqlı iqtisadi əlaqələrin nə qədər dərin olduğunu göstərir. Məncə, bu, ölkəmiz üçün həm siyasi, həm də iqtisadi baxımdan çox mühüm nailiyyətdir. Çünki Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzu, iqtisadi potensialı və sabit inkişaf modeli Avropa ölkələrinin, xüsusilə də İtaliyanın diqqət mərkəzindədir. İtaliya Prezidenti Sercio Mattarella da çıxışında Azərbaycanın müasir inkişaf modelini yüksək qiymətləndirərək, ölkəmizin Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında vacib rol oynadığını bildirdi. O, həmçinin Azərbaycanla İtaliya arasında mədəni və humanitar sahələrdə əməkdaşlığın vacibliyini vurğuladı və bu istiqamətdə birgə layihələrin artırılmasının əhəmiyyətindən danışdı.
Mənim fikrimcə, bu cür yanaşma iki ölkə arasındakı münasibətləri yalnız iqtisadi və enerji sahəsi ilə məhdudlaşdırmır, həm də xalqlar arasında qarşılıqlı anlayış və dostluq körpüləri yaradır. Prezident İlham Əliyev həmçinin Azərbaycan–İtaliya universitetinin yaradılması təşəbbüsündən bəhs edərək, bu layihənin iki xalq arasında təhsil və elm sahəsində yeni imkanlar açacağını qeyd etdi. Bu, gənclərimizin Avropa təhsil sisteminə inteqrasiya olunması və müasir biliklərə çıxışı baxımından çox önəmli addımdır. Görüş zamanı həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İtaliya şirkətlərinin həyata keçirdiyi bərpa və tikinti layihələri də diqqət mərkəzində idi. İtaliya şirkətləri artıq Ağdam və Cəbrayıl rayonlarında infrastruktur layihələrində fəal iştirak edirlər.
Bu, təkcə iqtisadi əməkdaşlıq deyil, həm də İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin konkret ifadəsidir. Bu fakt xüsusilə qürurvericidir, çünki bu cür əməkdaşlıqlar Azərbaycanın 30 illik işğaldan sonra dirçələn Qarabağ bölgəsində yeni həyatın başlanğıcına töhfə verir. Prezident İlham Əliyev bəyanatında həmçinin sülh gündəliyinin reallaşdırılmasından danışaraq, regionda dayanıqlı sülhün bərqərar olunmasının vacibliyini vurğuladı. O qeyd etdi ki, Azərbaycanın əsas məqsədi Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq mühitinin yaradılmasıdır və bu istiqamətdə beynəlxalq tərəfdaşların, xüsusilə də İtaliyanın dəstəyi çox önəmlidir. Mən bu sözləri böyük qürurla izlədim, çünki bu, ölkəmizin sülhsevər siyasətinin və diplomatik uzaqgörənliyinin təzahürüdür.
İtaliya Prezidenti də öz növbəsində Azərbaycanın bu istiqamətdəki səylərini dəstəklədiyini və regionda əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirdi. Görüş zamanı imzalanan sənədlər də bu əməkdaşlığın hüquqi əsasını daha da gücləndirdi. Səfərin ən önəmli məqamlarından biri odur ki, Azərbaycan və İtaliya arasında münasibətlər artıq sadəcə tərəfdaşlıq deyil, strateji ittifaq səviyyəsinə yüksəlib.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün Avropanın etibarlı dostu və vacib tərəfdaşı kimi tanınır. Bu səfər bir daha göstərdi ki, Azərbaycanın müstəqil, balanslı və milli maraqlara əsaslanan xarici siyasəti ölkəmizi həm regional, həm də qlobal miqyasda güclü mövqeyə gətirib çıxarıb. Mən əminəm ki, bu səfər iki dost xalqın münasibətlərində yeni səhifə açacaq və gələcəkdə həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə daha böyük uğurların əldə olunmasına təkan verəcək.
Sahil Əliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi