AnalitikaGündəmSiyasət

Azərbaycan və Özbəkistan etibarlı tərəfdaşdır

Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu gün ölkəmiz bir çox dövlətlərlə güclü dostluq siyasəti qurur. Türk dövlətləri ilə xarici siyasətində isə daha çox qardaşlıq münasibətlərinə üstünlük verir. Belə ölkələrdən biri də Özbəkistan Respublikasıdır. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə genişlənir.

Hər iki ölkənin dövlət başçılarının dostluq və qardaşlıq münasibətləri, qarşılıqlı səfərləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın daha da güclənməsinə münbit şərait yaradıb. İmzalanmış 160-dan çox sənəd, o cümlədən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə” dayanıqlı hüquqi baza yaradır. Bu yüksələn temp onu deməyə əsas verir ki, hər iki dövlət qardaş, dost, strateji müttəfiqlərdir. Qarşılıqlı səfərlər, Özbəkistanın Azərbaycan və digər türk dövlətləri ilə münasibətləri, bunun fonunda sərgilədiyi xarici siyasət əlaqələrin gələcəyi üçün önəmli faktordur. Özbəkistanla Azərbaycan arasında münasibətlər keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşılıqlı səmərəli əməkdaşlıq üçün yeni perspektivlər açılmaqdadır. Bunun əsasını çoxsaylı dövlətlərarası, hökumətlərarası və idarələrarası razılaşmaları əhatə edən böyükmiqyaslı hüquqi müqavilə çərçivəsi təşkil edir. İqtisadi-ticarət, investisiya tərəfdaşlığımız genişlənir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına yeni təkan verəcək. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı iqtisadi əməkdaşlığımızın gündəliyində olan məsələlərdəndir.

Ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Dahi şəxsiyyət Heydər Əliyevin özbək xalqı tərəfindən sayılıb seçilməsi, onun bir lider kimi bütün dünyada və əsasən də türk dövləti arasında mövcud olan nüfuzunun sübutu kimi Daşkəndin mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin yaradılması hər bir Azərbaycanlı üçün qürurvericidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Heydər Əliyev haqqında fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli Liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Heydər Əliyev özbək xalqına böyük hörmət və dərin sevgi ilə yanaşıb. Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanın yanında olub. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Qardaş Özbəkistan bizim haqq savaşımızda ədalətli mövqeyimizi dəstəkləmişdir. Özbəkistanın ərazi bütövlüyümüzlə bağlı məsələlərdə beynəlxalq təşkilatlar qarşısında mövqeyi də hər zaman birmənalı olub. Türk dövlətlərinin belə bir birliklə bir-birinə dəstək olması, sübhəsiz ki, beynəlxalq ictimaiyyətin mövqeyinə təsir göstərə bilir. Bu birlik özlüyündə dünyada yeni bir güc mərkəzi formalaşdırır. Bu da, öz növbəsində, ölkələrimiz arasında münasibətlərin tarixində unudulmaz hadisədir.

Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. İyulun 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasındakı bağların daha da gücləndiyini bir daha təsdiq edir. Prezidentlərin təkbətək görüşü, həmçinin cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, sənədlərin mübadiləsi münasibətləri daha da möhkəmləndirir. Bir məqamı da diqqətə çatdıraq ki, hər iki ölkə başçısının iştirakı ilə Bakıda Özbəkistanın Azərbaycandakı səfirliyinin inzibati binasının açılış mərasimi də keçirilib. Müasir üslubda ərsəyə gətirilən bina qardaş ölkələr arasında əlaqələri daha da genişləndirəcək.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib ki, bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir.

Əkbərova Xuraman,
Xəzər rayonu, 122 №li məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button