Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malik olan, dini və milli mənsubiyyət eyniliyi Azərbaycan və Qırğızıstan xalqlarının, dövlətlərinin əlaqələrinin inkişafına təsir göstərən mühüm amillərdəndir. Bu səbəbdəndir ki, Azərbaycan-Qırğızıstan münasibətləri bu gün yüksələn xətlə inkişaf edir, hətta strateji tərəfdaşlıq səviyyəsinə belə çatıb. Keyfiyyətcə yeni səviyyəyə çatan Azərbaycan-Qırğızıstan münasibətləri ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulub və bütövlükdə siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf edir.
Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Qırğızıstanla formalaşan əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edib, yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ötən illər ərzində hər iki ölkə qarşılıqlı və Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət göstəriblər. Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırıb. Heç şübhəsiz ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər bu əlaqələri daha da gücləndirəcək”.
Bu görüşdə əməkdaşlığımızın bir çox mühüm məsələləri müzakirə edildi, onun əsas istiqamətləri, prioritetləri açıqlandı. Səfər çərçivəsində, həmçinin Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirildi. Bir daha qeyd edildi ki, qardaş ölkələrimiz arasında münasibətlər möhkəm bünövrə – xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulub. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsi baxımından bu səfərə böyük əhəmiyyət verilir. Qırğızıstan gələcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və gələcək əməkdaşlıq mexanizmləri üzrə sonrakı inkişafına hazırdır. Hər bir səfərin əhəmiyyətini və gələcəkdə əlaqələrin inkişafında nə kimi rol oynayacağını təsdiqləyən mühüm məqamlardan biri də sənədlərin imzalanmasıdır. Prezident İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi oldu. Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalandı. Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək. İmzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun imzaladıqları Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”nı və Birgə Bəyannaməni xüsusi qeyd etməliyik. Qırğızıstan Prezidenti Sadır Japarov Birgə Bəyannaməni xüsusi qeyd edərək bu mühüm sənədi praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterinin rəsmi şəkildə təsbit etdiyini diqqətə çatdırdı. İmzalanan sənədlər iki ölkənin ikitərəfli münasibətlərinin möhkəm qanunvericilik bazasını yaradır. İki ölkə arasında münasibətlərin dünəninə və bugününə qısa baxış bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana yenidən səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün mühüm addımların atılmasına şərait yaradacaq. İmzalanan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuata bəyanatlarında səsləndirilən çağırışlar hər iki tərəfin əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyir.
Fəridə Rzayeva,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçi



