Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır
İyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Böyük əhəmiyyətli mühüm tarixi sənəddən bəhs etməzdən əvvəl onun imzalanmasını şərtləndirən qürur dolu tarixə nəzər salmaq yerinə düşər. Məlum olduğu kimi, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız bu qələbə nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Allah Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Həyata keçirilən uğurlu xarici siyasətin və görülən böyük işlərin nəticəsində bütün dünyaya məlum idi ki, Ermənistan uzun müddət Azərbaycanın ərazisinin 20 faizini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını – Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan müddəaları özündə əks etdirən 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, həmin qətnamələr icra olunmur, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar isə heç bir tədbir görmürdü. Ermənistan da bu illər ərzində mövcud vəziyyətdən istifadə edərək qətnamələrin tələblərini yerinə yetirmir, münaqişəni hər vəchlə daha uzun müddətə dondurmağa çalışır və status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin çağırışlarına məhəl qoymurdu.
Qazanılan diplomatik uğurlara baxmayaraq, yaşanan proseslər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin icra edilməməsi bu qənaətə gəlməyə əsas verirdi ki, beynəlxalq hüquq sözügedən məsələyə dair hissədə işləmir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər dəfə mötəbər kürsülərdən deyirdi: “Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik”.
Azərbaycan Prezidentinin bu ifadəsinə əsasən hər bir azərbaycanlı, o cümlədən Silahlı Qüvvələrimizin əsgəri, çavuşu, giziri, zabiti və generalı tarixi torpaqlarımızı düşmənlərdən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir və buna hər an hazır idi. Bütün bunları nəzərə alan müdrik rəhbərimiz münaqişənin həlli ilə bağlı hər iki istiqamətdə işini etibarlı tutaraq, beynəlxalq dəstək və hüquqi baza yaratmaqla bərabər, həm də rəşadətli Silahlı Qüvvələr formalaşdırıb. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu strategiyasını zamanın tələblərinə uyğun reallaşdıran Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirilib, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılıb, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələri formalaşdırılıb. Təsadüfi deyil ki, “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2021-ci il hesabatında 138 ölkənin orduları sırasında Gürcüstan ordusu 92-ci, Ermənistan ordusu 100-cü yerdə olduğu halda, ordumuz 64-cü yerdə qərarlaşıb. Bununla da ötən illərdə olduğu kimi, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu reytinqini qoruyub saxlayıb.
Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi