
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti ölkəmizi dünyada söz sahibi olan dövlətlərdən birinə çevirmişdir. Bu xarici siyasətin nailiyyətlərindən biri də Vyetnamla olan dostluq əlaqələridir. Belə ki, bu əlaqələrin tarixi 1959-cu ilə qədər gedib çıxır. Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə belə iki respublika arasında dövrün imkanları çərçivəsində əlaqələr inkişaf edirdi. Buna misal olaraq vyetnamlı tələbələrin Bakıya təhsil almağa gəlməsini göstərmək olar. Bu əlaqələr Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tamamilə yeni bir mərhələyə qədəm qoydu.
2014 və 2015-ci illərdə Azərbaycan və Vyetnam prezidentlərinin qarşılıqlı səfərləri və birinci Azərbaycan-Vyetnam biznes forumunun keçirilməsi ilə ölkələr arasında bir çox sahədə uzun illər davam edəcək əməkdaşlığın təməli qoyulmuş oldu. Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında siyasi, iqtisadi, mədəni və təhsil əlaqələri sadəcə gələcək üçün planlar deyil, artıq müəyyən dərəcədə inkişaf etmiş real layihələrdir. Bununla belə biz hələ yolun başlanğıcındayıq və görüləsi işlər çoxdur.
Asiyanın cənub-şərqindəki Vyetnam, sıx meşələri, düyü tarlaları və yüksək istehsal gücü ilə həm təbiətin həm də sənayenin gücünə malikdir. Vyetnam sahillərində qədim mədəniyyətlə çağdaş sənaye birləşir. Bu gün Vyetnam dinamik iqtisadiyyatı, texnologiya istehsalı və aqrar potensialı ilə tanınır. Onun istehsal gücü, ixrac etdiyi kofesi, düyüsü, tekstil və elektronika məhsulları ilə dünyanın iqtisadi atlasında öz yerini bərkidib. Bu iqtisadi və mədəni zənginlik, Azərbaycan üçün də bir fürsətdir. Müasir dövrdə Azərbaycan, enerji resurslarını Vyetnamın sənaye inkişafına yönəldərək, bu uzaq amma iqtisadi olaraq əlverişli ölkə ilə körpülər qurur. Təbii ki, bu əlaqələr birtərəfli deyil və Azərbaycan da Vyetnam üçün cəlbedici ölkədir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanması ilə SOCAR Vyetnamın ən böyük enerji resurslarından birinə çevrilib. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.
Azərbaycanla Vyetnamın əlaqələri, yuxarıda da qeyd olunduğu kimi mədəniyyət sahəsini də əhatə edir. Azərbaycanın görkəmli sənət adamları Vyetnamın kino və musiqi sahələrinə öz tövhələrini vermişlər. Qara Qarayev Vyetnam müharibəsini əks etdirən ilk sovet-Vyetnam sənədli filminin musiqisini bəstələmişdir. Rejissor Əjdər İbrahimov Vyetnamda ilk kino məktəbinin yaradılmasında fəal iştirak edib, hətta buna görə Vyetnam Sosialist Respublikasının “Əmək” ordeninə layiq görülmüşdür.
İki ölkə arasında möhkəm əlaqələr qurmağın ən səmərəli yollarından biri də bugünün və gələcəyin tələblərinə cavab verən ixtisaslı kadrların qarşılıqlı mübadiləsidir. Sözsüz ki, bu əlaqələr Vyetnam və Azərbaycan arasında da mövcuddur. Belə ki, Azərbaycanda vyetnamlı, Vyetnamda isə azərbaycanlı tələbələr təhsil alırlar. Bununla belə qeyd etmək lazımdır ki, ölkələr arasında təhsil əlaqələri üçün potensialın olmasına baxmayaraq, hələ lazımi səviyyəyə gəlib çatmamışdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan ali məktəblərinin qapıları vyetnamlı tələbələrin üzünə həmişə açıqdır.
Yekun olaraq, qeyd etmək yerinə düşər ki, Azərbaycan Vyetnamın timsalında cənub-şərqi Asiyada özünün dostunu görür və ona lazımi sahələrdə öz köməyini göstərməyə daim hazırdır.
Zahid Aslanov,
Xəzər rayonu 149 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi