AnalitikaGündəmSiyasət

Azərbaycan xalqına qarşı törədilmiş erməni vandalizmi

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir. Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarında göstərilir ki , 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart – Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərini və diaspor təşkilatlarını da bu prosesə cəlb edib. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, Xocalı soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda hazırlanan mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəldib. Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıdıb.Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button