Azərbaycan xalqının malik olduğu ən böyük sərvət olan neft təkcə indiki nəsillərə yox, həm də gələcək nəsillərə məxsusdur

Son illər ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar güclü iqtisadi potensialın yaradılmasına, dövlətin möhkəmlənməsinə və xalqın ictimai təhlükəsizlik və sabitlik şəraitində yaşamasına müsbət təsir göstərmişdir. Regionların tarazlı inkişafı, sahibkarlara geniş rəvac verilməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm uğurlar qazanmışdır. Bütün bunların əsasında məhz ölkəmizin dərin düşünülmüş və uğurla reallaşdırılan neft strategiyası durur desək, yanılmarıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 2004-cü ildə “Röyter” agentliyinə demişdir: “Hamı bilir ki, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi neft və qeyri-neft sektorunun inkişafına güclü təkan vermişdir. Lakin bizi bu məsələ də düşündürür ki, qısa bir zamanda ölkə varlananda bu imkanlardan necə istifadə etmək lazımdır… Buna görə də prezident seçkilərindən sonra bizim qəbul etdiyimiz regional inkişaf proqramı və sosial-iqtisadi yönümlü digər proqramlar əsasən regionlarımızın inkişafı, iqtisadiyyatımızın çoxşaxəliliyinin təmin olunması, yeni iş yerlərinin açılması, – sözsüz ki, bu yeni iş yerləri qeyri-neft sektorunda yaradılacaqdır, – məqsədi daşıyır”. Azərbaycanda neft gəlirlərindən istifadədə şəffaflığın təmin olunması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş ən mühüm sənədlərdən biri kimi 1999-cu il 29 dekabr tarixli “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında” fərman xüsusi qeyd olunmalıdır. Neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin olunması fəlsəfəsinin əsas götürülməsi zəminində yaradılmış Dövlət Neft Fondu şəffaflıq meyarlarını özündə ehtiva edən bir qurum kimi dünyada yüksək imic qazanmış və dəfələrlə beynəlxalq təltiflərə layiq görülmüşdür. Dövlət Neft Fondunun hesabat sistemində şəffaflığın təmin edilməsi, təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılması üçün ən müxtəlif forma və üsullardan istifadə edilir. Fondun fəaliyyəti barədə illik hesabatlar mətbuatda mütəmadi olaraq dərc etdirilir. Fondun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədilə media nümayəndələri üçün vaxtaşırı mətbuat konfransları təşkil edilir və s. Hazırda Neft Fondunun timsalında Azərbaycan neft vəsaitlərinin idarə olunması, şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşməyə qadir olan bir ölkəyə çevrilmişdir. Bir müddət əvvəl ABŞ-ın “New York Times”, “Los Angeles Times” qəzetlərinin, “Bloomberg” informasiya agentliyinin və “Dow Jones/CNBC” telekanalının müxbirlərinə verdiyi müsahibəsində Azərbaycan Respublikasının Prezidenti özünün həyatiliyi artıq heç kimdə şübhə doğurmayan, əksinə, hamıda möhkəm maraq doğuran iqtisadi siyasətinin mühüm cəhətlərini belə bəyan etmişdir: “Belə hesab edirəm ki, Neft Fondunun fəaliyyəti ölkə iqtisadiyyatının gələcəkdə çoxşaxəli inkişafı üçün olduqca vacib rol oynayacaqdır. Neft və onun qiymətindən asılı olmamaq üçün Neft Fondunun vəsaitlərindən istifadə edərək, iqtisadiyyatın digər sahələrinin inkişafına kömək göstərməliyik. Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycan Böyük Britaniyanın hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olmuşdur və bu təşəbbüsə regionda təkan verilməsi istiqamətində göstərdiyimiz fəaliyyət ABŞ və Böyük Britaniya tərəfindən yüksək qiymətləndirilmişdir. Son beş ildə Neft Fondunun açıq və şəffaf şəkildə idarə olunması sahəsində təcrübəmiz mövcuddur və hesab edirəm ki, bu işi uğurla həyata keçiririk”. Digər bir çıxışında ölkə Prezidenti İlham Əliyev bir daha vurğulamışdır: “Büdcə təsdiq olunanda, büdcə paketi ilə bərabər, Neft Fondundan büdcəyə transfertlər də parlament tərəfindən təsdiq edilir. Yəni ki, bütün Azərbaycan xalqı Milli Məclisdəki öz nümayəndələri vasitəsilə gəlirlərin bölünməsində iştirak edir. Bu, belə də olmalıdır. Bu sərvət, təbii sərvətlər xalqa məxsusdur və Azərbaycan xalqı qərar verməlidir ki, o vəsait hansı istiqamətə yönəldilsin”. Dünya təcrübəsi göstərir ki, Dövlət Neft Fonduna bənzər qurumların resurs potensialı və fondun vəsaitlərindən istifadənin səmərəliliyi əsas üç amildən, o cümlədən neftin qiymət səviyyəsindən, neftçıxarmanın həcmindən və fondun aktivlərindən necə istifadə olunmasından asılıdır.
Sevil Rəfiyeva,
Nizami rayon 272 saylı məktəbin direktor müavini



