
XX əsrin əvvəllərində dərin tarixi köklərə malik erməni-türk münaqişəsinin dəfələrlə səbəb olduğu cinayət – soyqırım xalqın yaddaşında silinməz iz qoydu. İnsan hüquqlarının ən ağır şəkildə pozulması və türk xalqının, türk millətinin, türk soyunun yer üzündən silinməsi məqsədini güdən soyqırım Bakıda, Şuşada, Tərtərdə, Qarabağda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Göyçə mahalında, Borçalıda, Qazaxda, Lənkəranda, Salyanda və bir çox yerlərdə ermənilər tərəfindən milli mənsubiyyəti azərbaycanlı olan hər bir kəsin ̶ uşaq, qoca, qadın ̶ fərq qoyulmadan öldürülməsi, evlərə od vurulması, mədəniyyət abidələrinin məhv edilməsi ilə tamamlanmır, erməni vandalizminin qarətçilik, saxtakarlıq, işgəncə, əzab, rəzalət, təhqir və ikiüzlülüyü baş alıb getdiyi halda, özlərini yazıq, məzlum kimi qələmə verir, uydurma erməni soyqırımının qurbanı kimi dünyaya qəbul etdirməyə cəhd edirdilər.
1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman davasının tarixini, ermənilərin törətdikləri təsvirəgəlməz qırğınları əks etdirən dəyərli mənbələrdən biri o qanlı illərin canlı şahidi olan Mir Möhsün Nəvvabın “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və ictimai tarixləri” əsəridirsə, digəri M.S.Ordubadinin tarixi sənədlər əsasında yazdığı “Qanlı sənələr” əsəridir. Tarixi romanlar müəllifi kimi tanınan M.S.Ordubadi 1911-ci ildə çap etdirdiyi bu əsəri yazarkən özünün müşahidələri ilə yanaşı, “özü qədər etibar etdiyi” müxbirlərin göndərdiyi məktub və sənədlərdən, dövri mətbuatdan da istifadə etmişdir.
M.S.Ordubadi errməni-azərbaycanlı münaqişəsinin ilk təbilinin Bakı şəhərində vurulduğunu, bunun ardınca qanlı toqquşmaların Şuşaya, Zəngəzura, İrəvana, Naxçıvana, Ordubada, Eçmiədzinə, Yelizavetpola, Cavanşir və Qazax qəzalarına yayılmağa başladığını göstərir. Əsərdə Bakı, Naxçıvan, İrəvan şəhərlərində, Cəbrayıl-Qaryagin bölgəsində baş verən qanlı hadisələr zamanı müsəlmanların“min il bir vətəndə yaşadıqları”erməniləri himayə etmələri, ermənilərin azərbaycanlı qız-qadınların başına gətirdiklər işgəncə və zülmün müqabilində müsəlman əsgərlərinin erməni övrətlərinə, körpələrinə qarşı rəhmdilliyi, üstlərinə silah belə çəkməmələri yazıçı tərəfindən konkret faktlar əsasında qələmə alınmışdır.
Tarixi-bədii salnamə kimi “Qanlı sənələr” əsəri ilk səhifələrdən oxucunu dəhşət, rəzalət, vəhşət və ağılagəlməz vəhşiliklərlə üz-üzə qoyur. İnsan adını daşıyan hər hansı bir adamın belə qanlı faciə, qırğın törədə biləcəyi heyrət doğurur. Ermənilər İrəvan şəhərində müsəlmanlara olmazın zülmlər verir, yandırır, əzalarını kəsir, uşağa, qocaya, qadına, xəstəyə rəhm etmir, insanlara verdikləri fiziki cəzalar bəs deyimiş kimi, mənən alçaldır, təhqir edirdilər. Müsəlmanların müqəddəs ziyarət yeri olan Allah evinə ̶ məscidə və müsəlmanlar yaşayan məhəllələrə od vurulub yandırılmasına dözməyən yazıçı, yəqin ki, göz yaşları axıda-axıda yazır: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb, nəcib islam millətini yandırmaqda idi. …Budurmu erməni mədəniyyəti, budurmu özünü Avropaya “mədəni xalq” kimi tanıdan “məzlum ermənilər?”
Ermənilər tərəfindən törədilən qırğınların canlı şahidi olan ədib hadisələri araşdıraraq türk qətliamlarının törədilməsinin dörd səbəbini göstərir: birinci səbəb erməni daşnaksütun komitəsinin müstəbid bir idarə üsulunu təşkil etməsidir ki, Qafqazda bir sıra qanlı olaylar yaratdı, bu partiyanın millətçiləri və silahlı dəstələri müsəlmanlar yaşayan yerlərdə qanlı qırğınlar törətdilər. Ədibin fikrincə, ermənilər özləri hadisələri törədənlərin də, sülh danışıqlarını pozanların da, cinayətləri törədənlərin də ermənilər olduğunu bilir və təsdiq edirlər.
İkinci səbəb kimi M.S.Ordubadi məhəlli hökumət məmurlarının müharibə zamanlarında etinasızlığını göstərir. Erməni terrorundan çəkinən məmurlar ayrı-seçkilik edərək müsəlmanlara qarşı haqsızlıq, vicdansızlıqlar edir, müsəlmanları tərksilah etdikləri halda, erməniləri silahlandırıb müsəlman əhalisinin üzərinə qızışdırırlar. 1904-1905-ci illərdə sıralarını möhkəmlədən və hərbi sursat əldə edən daşnaklar azərbaycanlı və digər müsəlman əhalinin zorla sıxışdırılıb çıxarılmasına və həmin torpaqlarda erməni dövlətinin yaradılması işinin həyata keçirilməsinə başlayırlar. “Parçala və hökm sür” prinsipi yeridən çar hakim dairələri erməni təcavüzünün qarşısının alınması üçün heç bir ciddi tədbir görmür, hökumətin yerli hakimiyyət idarələri ermənilərin silahlanması, hazırlanan hücumlar barəsində qabaqcadan verilən məlumatları qulaqardına vururdu. Nəticədə dinc müsəlmanlar silahlı bandalar qarşısında heç nə edə bilmir, müqavimət göstərə bilmirdilər.
Soyqırım faciəsində müsəlmanların elmsizliyi, silahsız olmaları və müasir işlərdən bixəbərliyi yazıçı tərəfindən üçüncü, ermənilərin avtonomiya ̶ idarə muxtariyyəti həvəsində olmaları isə dördüncü səbəb kimi göstərilir. Hər ay Londona, Parisə, Amerikaya qaçıb “ərzi-hal edən” ermənilər Türkiyəyə qarşı ərazi iddiasına qalxır, Türkiyədə ermənilər üçün muxtariyyət tələb edirlər. “Böyük Ermənistan” xəyalı ilə yenidən Qafqazı və dünyanı çaxnaşmaya salaraq əslində arzuladıqları “dənizdən dənizə” adlı imperiya yaratmaq istəyən erməni millətçilərinin hiyləgər və yırtıcı maskalarını M.S.Ordubadi onların əməlləri ilə ifşa edir. “Heç bir coğrafi koordinatlara və coğrafi ərazilərə malik olmayan və cürbəcür tayfaların tör-töküntüləri olan bu “başkəsən ermənilər” (Strabon) öz istəklərinə uyğun gəlməyənləri iyrənc bir üsulla və ustalıqla əksinə göstərir, hamını “palıd ağacında alma yetişir” fikrinə inandıra bilirlər” (İqrar Əliyev).
İrəvan hadisələrində yazıçı “hamının üzünə əcəl və ölüm tozu qonduğu halda”, imkanlı müsəlmanların mümkün qədər tez başqa yerə köçmələrini, canlarını, mallarını vətəndən üstün tutduqlarını təəssüf hissilə xatırlayaraq vətən, millət, qeyrət, namus anlayışlarının daha çox kasıblar, imkansızlar üçün olduğu qənaətinə gəlir: “İmkanlı adamlar başqa yerlərə mümkün qədər tez keçmələrini arzu və maraq edərdilər. Yaramazlar canını, malını vətəndən üstün tutmaqda idilər. “Təki biz cocuqlarımızı, hərəmlərimizi həlak olma burulğanından qurtaraq. İmkansızlar qalıb düşmən əsiri olsunlar” – xəyal edən qansızlar özlərinə insan və islam adı verməkdən əsla çəkinmirdilər.
Bəli! İrəvanda rəislər arasında belə çəkişmə baş verdiyi vaxta artıq mahalda qanlar sel kimi axıb, günahsız kəsilən islam başlarını qan çalalarında fırladıb zirvədən zirvələrə atırdılar”.
Əsərin “Vətən fəryadnaməsi” adlanan hissəsində 1905-ci il erməni-müsəlman toqquşmasında Batum şəhərində erməni komitəsi tərəfindən öldürülmüş şəhid Məhəmmədqulu bəy Kəngərlinin tərcümeyi halı və vəfat tarixindən bəhs edilir.
Bu gün türk-müsəlman soyqırımı mövzusuna həsr olunmuş hər bir əsər kimi M.S.Ordubadinin “Qanlı sənələr” əsəri torpaqlarımızın hələ də səngiməyən işğalı, milli-mədəni abidələrimizin dağıdılması, əsgər ölümü, əsir qız-gəlinin fəryadına vətəndaş yanğısı, sənətkar fəryadı və türk oğlu türkün qanla yazılmış salnaməsi kimi dəyərlidir.
Nazilə Abdullazadə,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azərbaycan Dövlət Pedaqoji Universiteti