Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir
Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Ölkəmizin iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. 2003-2023-cü illər ərzində həyata keçirilən əsaslı struktur islahatları nəticəsində ölkə iqtisadiyyatı sürətli inkişafın növbəti mərhələsinə keçib Bu gün nəqliyyat sahəsində aparılan dövlət siyasəti özündə ölkəmizin sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəlməsinə, dövlətimizin iqtisadi qüdrətinin artmasına yönələn tədbirləri əhatə edir.
Ölkədə, xüsusən də paytaxtda nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. İctimai nəqliyyatda son illər infrastruktur yenilənib, sərnişinlərin ixtiyarına daha rahat, iritutumlu avtobuslar verilib. Ötən illər ərzində Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb, o cümlədən sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Hazırda Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələri həyata keçirir. Hazırda İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.
2020-ci ilin il noyabr ayının 16-da təməli qoyulmuş “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində mühüm layihələrin icrası üzrə işlər aparılır.
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib və müşavirədə Prezident İlham Əliyev qeyd edib ki “Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel,163 yerüstü və yeraltı keçid tikilib.” Bəli doğurdan da Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır.
Mülkanə Alnağızadə,
Balaxanı qəsəbəsi, nömrəli tam orta məktəbin İnformatika müəllimi