
Azərbaycan xalqı artıq iki ildir ki, sentyabrın 20-də ölkənin dövlətçilik tarixində mühüm yer tutan bir günü – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününü qeyd edir. Bu tarix yalnız ərazi bütövlüyümüzün tam bərpasının simvolu deyil, həm də 30 ildən artıq işğal altında qalmış torpaqlarımızda Azərbaycan suverenliyinin bərqərar olunmasının əyani göstəricisidir. 2020-ci ilin Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. Lakin Qarabağın mərkəzi şəhəri olan Xankəndi və ətraf rayonlar hələ də qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğu səbəbindən dövlət nəzarətindən kənarda qalırdı. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə Azərbaycan Ordusu bu bölgələrdə dövlət suverenliyini tam şəkildə bərpa etdi. Bununla da Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri doğma Vətənə qovuşdu. Bu qələbə təkcə hərbi uğur deyil, həm də Azərbaycan xalqının siyasi iradəsinin, birliyinin və gücünün təntənəsi kimi tarixə düşdü.
Qarabağın mərkəzi olan Xankəndi həm iqtisadi, həm də mədəni baxımdan böyük əhəmiyyətə malikdir. Şəhərin azad olunması Qarabağda tam təhlükəsizlik mühitinin yaradılmasına, Böyük Qayıdış proqramının sürətləndirilməsinə və sosial-iqtisadi inkişafın təmin olunmasına şərait yaratdı. Xankəndinin Azərbaycan reallığına qovuşması bütün bölgənin gələcək inkişafı üçün yeni üfüqlər açır.
1992-ci ildə baş vermiş Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Xocalının işğaldan azad olunması həm qurbanların ruhuna ehtiram, həm də xalqımıza qarşı törədilmiş ədalətsizliyə verilən tarixi cavabdır. Bu gün Xocalı şəhəri yenidən dirçəldilir, müasir yaşayış massivləri salınır və soyqırımı qurbanlarının xatirəsi uca tutulur.
Xocavənd və Ağdərə şəhərləri də Qarabağın sosial-iqtisadi həyatında mühüm mövqeyə malikdir. Bu ərazilərdə bərpa-quruculuq işləri sürətlə gedir, müasir infrastruktur yaradılır, yollar, məktəblər və səhiyyə ocaqları tikilir. Azərbaycan dövləti bu torpaqları yalnız azad etməklə kifayətlənmir, həm də onları dirçəldərək gələcək nəsillərə layiqli şəkildə təqdim edir.
Prezident İlham Əliyevin qərarı ilə hər il qeyd olunan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü dövlətçilik tariximizdə yeni bir mərhələdir. Bu gün xalqımızın birliyini, müzəffər ordumuzun qüdrətini və torpaqlarımıza qayıdışın rəmzini əks etdirir. Bu tarix təkcə keçmişi xatırlatmaq üçün deyil, həm də gələcəyə inamı möhkəmləndirmək, işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən bərpası prosesinə güclü mənəvi dəstək vermək üçün mühüm əhəmiyyət daşıyır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Azərbaycan reallığına qovuşması milli tariximizin ən parlaq səhifələrindən biridir. Bu torpaqların hər biri xalqımız üçün müqəddəsdir. İndi həmin bölgələrdə sülhün, inkişafın və tərəqqinin bünövrəsi qoyulur. Bu günün qeyd olunması həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də gələcək nəsillərə verilən güclü mesajdır: Azərbaycanın ərazi bütövlüyü əbədidir, Qarabağ Azərbaycandır!
Siyasət Həsənov
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının məsləhətçisi