Azərbaycan islam ölkəsidir, eyni zamanda dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Yəni dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır. Amma bu dövlətin dinə qarşı olduğu anlamına da gəlmir Qanunla hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir. Lakin diqqətə alınmalı mühüm məqamlar da var. Belə ki, ölkəmizdə dini ayrı-seçkiliyi, radikalizmi və s. təbliğ edən dini icmaların və cərəyanların fəaliyyəti qadağandır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Dövlətin bu istiqamətdə apardığı siyasəti təqdirəlayiqdir və dövrün reallığı kimi qiymətləndirilir. Din məsələlərini dövlət idarəçiliyinə qatmaq olmaz. Azərbaycan dövləti tolarantlıq baxımından bütün dinlərə eyni şərait yaratmağa və onlara qarşı heç bir ayrı-seçkilik etməməyə çalışır. Bu ilk baxışdan çox təqdirəlayiq bir haldır. Nəzərə alsaq ki, Azərbaycan vətəndaşlarının 90 faizindən çoxu müsəlmandır, belə olduqda dövlət tərəfindən islamın xeyrinə pozitiv ayrı-seçkiliyin edilməsi məncə, ciddi bir qəbahət olmayacaq. Düzdür, son dövrlərdə Azərbaycan dövləti tərəfindən islam dininin bayramları olan Qurban və Ramazan milli bayramlar olaraq qəbul edilib və bu bayram günləri rəsmi olaraq qeyri-iş günü elan olunub. Bundan başqa, bir neçə tarixi əhəmiyyətli məscid dövlətin maliyyə dəstəyilə bərpa olunub.Din-dövlət-cəmiyyət münasibətlərini tənzimləyici yol tutan, milli, dini və ümumbəşəri dəyərləri diqqətə alan siyasətlə hazır kadrların da qüvvəsindən istifadə edərək dini maarifləndirməyə imkan yaradılmalıdır. Hal hazırda Sosial şəbəkələrdə din pərdəsi altında Azərbaycanda anti-din təbliğatı aparan qruplar var. Onlar Azərbaycanda din pərdəsi altında anti-din təbliğatı aparan saytlarla bu cür təbliğat aparırlar. Həmin saytlar Azərbaycanda deyil, xarici ölkələrdə fəaliyyət göstərirlər. Hazırda dini durumda müəyyən qarışıqlıq hökm sürür. Qruplar, qruplaşmalar, müxtəlif məzhəblər, hətta hakimiyyətə iddialı radikal dini qruplar da var ki, xaricdən idarə olunurlar. Bunlar da bir neçə qrupa bölünür. Radikal dini qrupların təsiri altına düşməyin başlıça səbəbi məhz dini bilməmək, dini biliklərin zəif olmasıdır. Ölkəmizdə həmçinin gənclər arasında xarici İslam ölkələrində təhsil alıb gələnlər var ki, çox savadlıdırlar. Xalqa, dövlətə bağlı savadlı ilahiyyatçılardır. Onların biliklərindən səmərəli istifadə edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda əsas qanunumuzda dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Gənclərimizin təhsil ocaqlarında ancaq təlim və tədrislə məşğul olmaları və daha öncə qeyd etdiyimiz kimi, mənəvi dünyamızın bu və ya digər məsələləri bu çərçivədən öyrədilməlidir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Bu məsələdə təhsil qurumları ilə yanaşı, ailənin və bütövlükdə cəmiyyətin üzərinə ciddi məsuliyyət düşür.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı