AnalitikaGündəmSiyasət

Azərbaycanı regional logistika mərkəzinə çevirən əsas amillər

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsindəki çıxışında logistika və nəqliyyat sektorunun xüsusi yer tutması Azərbaycanın iqtisadi strategiyasında coğrafi mövqenin iqtisadi aktivə çevrilməsinə verilən əhəmiyyəti göstərir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşir. Lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi, əlverişli coğrafi mövqe öz-özlüyündə ölkəni tranzit mərkəzinə çevirmir. Bunun üçün infrastruktur, qonşularla əməkdaşlıq və səmərəli idarəetmə sistemi tələb olunur.

Son illərdə dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və hava yükdaşıma infrastrukturuna yatırılan sərmayələr bu məqsədə xidmət edir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın dəmir yollarının əhəmiyyətli hissəsinin elektrikləşdirildiyini, qonşu ölkələrlə dəmir yolu əlaqələrinin yaradıldığını və liman infrastrukturunun genişləndirildiyini bildirməsi fiziki bağlantıların dövlət siyasətindəki rolunu nümayiş etdirir.

Lakin müasir logistika sistemində fiziki infrastruktur yalnız başlanğıc mərhələsidir. Yükün sərhəddən sürətli keçməsi, elektron sənədləşmə, gömrük prosedurlarının sadələşdirilməsi, yükün rəqəmsal izlənməsi və multimodal daşımaların əlaqələndirilməsi rəqabət qabiliyyətini müəyyənləşdirən əsas amillərə çevrilib. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin gömrük idarəçiliyi və rəqəmsallaşmanı xüsusi vurğulaması Azərbaycanın logistika strategiyasında keyfiyyət mərhələsinə keçidi göstərir.

Bu baxımdan Azərbaycanın məqsədi yalnız tranzit yüklərin ölkə ərazisindən keçirilməsini təmin etmək olmamalıdır. Daha geniş iqtisadi effekt üçün tranzit ətrafında logistika mərkəzləri, anbarlar, sığorta xidmətləri, təmir və servis müəssisələri, rəqəmsal logistika şirkətləri və sənaye istehsalı formalaşa bilər. Prezident İlham Əliyevin forumda təqdim etdiyi yanaşma Azərbaycanı sadəcə “keçid ərazisi” deyil, regional təchizat zəncirlərində xidmət göstərən iqtisadi platformaya çevirmək potensialını gündəmə gətirir.

Eyyub Cumayev, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button