
Aprelin 9-da ADA Universitetində baş tutan “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli bir hadisə kimi yadda qaldı. Bu tədbir dünyada və bölgədə mövcud olan siyasi gərginlikləri, çağırışları və təhlükəsizlik risklərini dəyərləndirmək üçün açıq fikir mübadiləsi platforması yaratdı. Forumda iştirak edən tanınmış beynəlxalq siyasətçilər sırasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın aktual problemlərinə toxunaraq, Azərbaycanın bu məsələlərə baxışını və strategiyasını ətraflı şəkildə ortaya qoydu.
Prezidentin vurğuladığı əsas məqamlardan biri Azərbaycanın 2020-ci ildəki Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində dövlət suverenliyini tam bərpa etməsi oldu. Bu əməliyyatlar ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında həlledici rol oynayıb. Dövlət başçısı forumdakı çıxışında həmin əməliyyatların strateji əhəmiyyətini qeyd edərək, Azərbaycanın artan nüfuzuna və güclənən mövqeyinə təsir edən əsas faktorları xüsusi vurğuladı. Eyni zamanda, o, xarici qonaqların işğaldan azad edilən ərazilərə etdiyi səfərlərdən danışaraq, oradakı real vəziyyəti – Ermənistanın törətdiyi dağıntıları öz gözləri ilə gördüklərini diqqətə çatdırdı. Post-münaqişə dövründə isə ölkəmiz azad olunmuş ərazilərdə irimiqyaslı bərpa və inkişaf layihələrini reallaşdıraraq bölgənin əməkdaşlıq potensialını artırmaq istiqamətində ciddi addımlar atır. Bu təşəbbüslər təkcə infrastruktur sahələrində deyil, həm də ticarət və investisiya əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayacaq.
Prezident cənab İlham Əliyev həmçinin regional inteqrasiya perspektivlərinə dair fikirlərini bölüşərək, Azərbaycan-Ermənistan münasibətlərinə toxundu. O, Ermənistanın uzun illər ərzində yürütdüyü destruktiv siyasətin nəticələrinin bu ölkə üçün nə qədər təhlükəli olduğunu qeyd edərək, “böyük Ermənistan” ideyasının regiona sülh deyil, fəlakət gətirdiyini bir daha xatırlatdı.
Azərbaycanın enerji strategiyası da forumda geniş şəkildə təqdim olundu. Prezident bildirdi ki, ölkəmiz bu gün 12 ölkəyə, onlardan 10-u Avropa ölkəsi olmaqla, təbii qaz ixrac edir. Bu ölkələrin 8-i Avropa İttifaqına daxildir. O, Albaniyada həyata keçiriləcək qazlaşdırma layihəsinin də Azərbaycan sərmayələri ilə reallaşacağını vurğuladı. Dövlətimizin enerji sahəsindəki zəngin təcrübəsi və Gürcüstan, Bolqarıstan kimi tərəfdaş ölkələrlə uğurlu əməkdaşlığı bu sahədə davamlı irəliləyişin göstəricisidir. Xorvatiya ilə də bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi üçün müsbət münasibət olduğu ifadə edildi.
Türk dövlətləri ilə münasibətlərə gəldikdə isə, Prezident İlham Əliyev bu əlaqələrin Azərbaycanın xarici siyasətində xüsusi yer tutduğunu vurğuladı. O bildirdi ki, ortaq tarix, dil və mədəniyyət dəyərləri bizi birləşdirir və bu birliyi daha güclü və effektiv əməkdaşlıq çərçivəsinə çevirmək üçün Azərbaycan hər zaman təşəbbüskar mövqedədir. Prezident qeyd etdi ki, üzv dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq yüksək səviyyədə inkişaf edir, aramızda ciddi fikir ayrılığı yoxdur. Lakin dünyada baş verən sürətli dəyişikliklər fonunda bu əməkdaşlığın daha da gücləndirilməsi və Türk təşkilatının qlobal arenada mühüm oyunçuya çevrilməsi üçün daha çox səy göstərilməlidir.
ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil olunmuş 7-ci ADA Siyasi Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Prezident İlham Əliyevin çıxışı ölkəmizin qlobal siyasətdəki artan rolunu bir daha nümayiş etdirdi və Azərbaycanın gələcək perspektivlərinə inamı gücləndirdi. Bu cür beynəlxalq tədbirlər, şübhəsiz ki, Azərbaycanın geopolitik təsir imkanlarını genişləndirərək, yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verəcək.
Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi