Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu dünya birliyinin ölkəmizə marağını şərtləndirən başlıca amildir. Prezident İlham Əliyevin liderliyi ilə siyasi və iqtisadi sferalarda əldə edilən nailiyyətlər, ikitərəfli və dövlətlərarası platformalarla yanaşı, nüfuzlu xarici media orqanlarının da Azərbaycanın uğurlarını təqdir etməsinin əsas səbəbi rolunda çıxış edir. Azərbaycan qlobal dünyamızın reallıqlarına ən adekvat şəkildə davranan dövlətlərdəndir. Eyni zamanda respublikamızın uzun illər ərzində beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş imici, başqa dövlətlərin Azərbaycana və şəxsən ölkəmizin rəhbərinə yüksək inamı xarici əlaqələrdə mövqelərimizi gücləndirir, yeni-yeni nailiyyətlərə yol açır. Rusiyanın nüfuzlu “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan Prezidenti ilə müsahibəsi də məhz bu marağın növbəti təzahürüdür. Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə beynəlxalq siyasət və qlobal əhəmiyyətli problemlər, onların həlli yolları, dövlətlərarası münasibətlər öz əksini tapmışdır. Suallara ətraflı cavablar Rusiyada Azərbaycan liderinin bu kimi mövzulara dair görüşlərinə verilən önəmin göstəricisidir. Son bir neçə ildə ölkəmizin “orta güc” kimi klassifikasiya edilən təsir imkanlarına malik dövlətlərin sırasına qoşulması Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq faktora çevrilməsini şərtləndirən danılmaz faktdır. Dövlətimizin başçısının Rusiya ilə Ukrayna arasında davam edən gərginlik, qonşu ölkələrdə baş verən siyasi proseslər, neokolonializm təzahürləri və qlobal iqlim problemləri kimi mövzulara münasibət bildirməsi Azərbaycanın beynəlxalq əhəmiyyətinin yerləşdiyimiz region və bir qədər geniş coğrafiya – postsovet məkanının çərçivələrini aşdığını nümayiş etdirir.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri