
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirildi. Azərbaycan Prezidenti Qazaxıstan Prezidentinin dəvəti ilə bu tədbirdə iştirak etmək üçün iyulun 3-də Astanaya səfər etdi. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində dövlət başçısı İlham Əliyev Rusiya, Qazaxıstan, Türkiyə, Çin, Pakistan liderləri ilə görüşdü, günün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı.“ŞƏT plyus” formatında keçirilən bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı çox böyük maraqla qarşılandı. Dövlətimizin başçısı bildirdi ki, Ölkəmiz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirib, Hərəkatın institusional inkişafına töhfələr verib.Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında,həmçini son iki ildə Qazaxıstana dörd, bu müddətdə Qazaxıstan Prezidentinin Azərbaycana üç dəfə səfər etdiyini xatırladaraq bu mühüm məqamın ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verdiyini diqqətə çatdırdı.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Bu istiqamətdə Azərbaycanda görülən işlər, həyata keçirilən böyük layihələr dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanır.
Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin dünyaya çatdırılması baxımından Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əməkdaşlığın böyük əhəmiyyəti var. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır.
Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı



