
Azərbaycan müstəqillik əldə etdikdən sonra neft və qaz sektorunu inkişaf etdirmək üçün bütün gücünü səfərbər etdi, qonşu ölkələrlə və strateji tərəfdaşlarla iqtisadi əlaqələrini gücləndirərək regionda sürətlə inkişaf edən inkişaf etməkdə olan ölkələrdən birinə çevrildi. “Əsrin müqaviləsi”, ötən əsrin sonunda əsası qoyulmuş “Cənub Qaz Dəhlizi”, tez-tez “21-ci əsrin müqaviləsi” adlandırılan “Şah-Dəniz” layihəsinin ikinci mərhələsinin, yəni, “TANAP” və “TAP” boru kəmərlərinin işlənib hazırlanması Azərbaycanın enerji layihələrində etibarlı tərəfdaş və təhlükəsiz tranzit ölkə kimi nüfuzunu möhkəmləndirdi.
Hindistan, İran, Rusiya və Azərbaycan arasında qəbul olunmuş razılaşma əsasında Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına 2000- ci illərin əvvəlində qərar verilmişdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə gələcək Azərbaycan-Rusiya münasibətləri üçün həyati əhəmiyyət kəsb etmir, eləcə də Şimal və Cənub yarımkürələri arasında daha sürətli ticarət marşrutlarının yaradılmasında böyük rol oynayır. Hazırda mallar Fars körfəzi, Süveyş kanalı və Aralıq dənizi vasitəsilə ən tez ay yarıma Şimal dənizinin limanlarına göndərilir, lakin Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bu vaxt bir aydan daha az bir müddətə qısalacaq. Məhz buna görə də layihənin əsas hərəkətverici qüvvələrinin Hindistan, İran və Rusiya olmasına baxmayaraq, bir çox ölkə bu təşəbbüsün həyata keçirilməsində maraqlıdır. Şərq-Qərb layihəsi və ya “Yeni İpək yolu” layihəsi Asiya və Avropa arasında bir əsrdir ki, davam edən münaqişə səbəbindən arası kəsilmiş enerji, nəqliyyat və ticarət əlaqələrinin yenidən bərpa olunması ilə bağlı təşəbbüsdür. İpək Yolu iqtisadi kəməri avtomobil yolu və dəmir yolu vasitəsilə Avropa bazarlarına girişi təmin etmək məqsədilə Çin tərəfindən işlənib hazırlanmış təşəbbüsdür. Kəmər Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ya Ukrayna vasitəsilə Çin iqtisadiyyatını Avropa İttifaqı ölkələrinin iqtisadiyyatı ilə birləşdirir. Azərbaycanın hər iki marşrut xəttinin kəsişmə nöqtəsində yerləşməsi zəifləmiş iqtisadiyyatın stabilliyinin güclənməsinə səbəb olur ki, bu da öz növbəsində, ölkənin daha da çiçəklənməsinə zəmin yaradır. İqtisadiyyatımızın qeyri-neft-qaz sektorunu inkişaf etdirmək üçün uzun müddətdir ki, gözlənilən imkan əldə edəcək.
Həmçinin, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın regiondakı mövqeyinin sabitliyi baxımından geosiyasi əhəmiyyət kəsb edir. Uzun illər boyunca Azərbaycan qonşu Ermənistanı öz qoşunlarını Azərbaycandan çəkməkdən imtina etməsinə görə regional layihələrdən müvəffəqiyyətlə təcrid etməyi bacarmışdır, müzakirə olunan layihə istisna təşkil etmir. Azərbaycan, İran və Rusiya arasında layihə çərçivəsində əldə olunan üçtərəfli əməkdaşlıq Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki mövqeyini möhkəmləndirəcək.
Əsas regional layihələrdə fəal iştirak Azərbaycanın Rusiya və İran da daxil olmaqla demək olar bütün qonşu dövlətlər üçün cəlbedici ticari tərəfdaş olduğunu nümayiş etdirir. Son illər Azərbaycan bir çox regional layihələrin həyata keçirilməsində aparıcı rol oynayır. Dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrilməklə Azərbaycan özünün regional və qlobal aparıcı qüvvələr üçün dəyərli tərəfdaş olduğunu sübut etmişdir. Azərbaycan böyük beynəlxalq layihələrin – Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin tərəfdaşı olmaqla öz tarixində yeni əsrarəngiz bir səhifə açmağa hazırdır.
Özünü əhəmiyyətli regional tərəfdaş kimi sübut etməsindən əlavə, Rusiya və İranla üçtərəfli əlaqələrin yaxşılaşdırılması artmaqda olan iqtisadi potensialın siyasi təsir dairəsinin güclənməsinə gətirib çıxardığının bariz nümunəsidir. Ən önəmlisi isə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan rəsmilərinə Dağlıq-Qarabağ regionu ilə bağlı arzuolunan razılıq əldə etmək üçün əlverişli üstünlük vermək potensialına malikdir. Bir sözlə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycana yaxın gələcəkdə daha geniş iqtisadi və siyasi imkanlar verə bilər.
Abbasova Zümrüd,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin direktoru