AnalitikaMaraqlıSiyasət

Azərbaycanın həm siyasi, həm də diplomatik meydanda qazandığı uğurların təsdiqi oldu

2025-ci il iyulun 4-ü Azərbaycanın dövlətçilik tarixində və beynəlxalq əməkdaşlıq müstəvisində yeni bir səhifənin açıldığı gün kimi yadda qaldı. Həmin gün Qarabağın ürəyi sayılan Xankəndi şəhəri bir ilkə imza atdı – burada İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Bu tarixi tədbirə ev sahibliyi etməklə Azərbaycan təkcə regionun deyil, bütün İƏT məkanının diqqət mərkəzinə çevrildi.Prezident İlham Əliyevin bu mötəbər tədbirdəki çıxışı, sadəcə bir dövlət başçısının nitqi deyil, strateji vizyon, siyasi iradə və regional liderliyin bərqərar olunmasının göstəricisi idi. Çıxışda əksini tapan fikirlər həm Azərbaycan daxilində, həm də beynəlxalq aləmdə geniş rezonans doğurdu. İlham Əliyev çıxışına tədbirin Xankəndidə keçirilməsinin rəmzi və strateji əhəmiyyətini vurğulamaqla başladı. Zirvə görüşünün Xankəndidə keçirilməsi, sadəcə coğrafi seçim deyildi. Bu, Ermənistanla illərdir davam edən münaqişənin Azərbaycan xeyrinə başa çatmasının, yeni mərhələyə qədəm qoyulmasının simvolu idi. Prezidentin bu kontekstdə söylədiyi fikirlər, Azərbaycanın həm siyasi, həm də diplomatik meydanda qazandığı uğurların təsdiqi oldu.Prezident İlham Əliyev çıxışında İƏT-in fəaliyyət istiqamətlərinə dair dərin təhlil təqdim etdi. O qeyd etdi ki, təşkilatın yaradılmasından keçən dövr ərzində iqtisadi əməkdaşlıq sahəsində müəyyən irəliləyişlər əldə olunsa da, müasir dövr yeni yanaşmalar, daha aktiv mexanizmlər tələb edir. Bu bəyanat Azərbaycanın son illərdə həyata keçirdiyi infrastruktur layihələrinin – Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. – region üçün strateji əhəmiyyət daşıdığını göstərdi. İlham Əliyev bu layihələrin yalnız Azərbaycan üçün deyil, eyni zamanda İƏT ölkələri üçün də iqtisadi fürsətlər yaratdığını vurğuladı. Çıxışın mühüm hissələrindən biri də enerji əməkdaşlığına və iqlim dəyişikliyi məsələlərinə həsr olunmuşdu. İlham Əliyev Azərbaycanın bərpa olunan enerji layihələrinə böyük sərmayələr cəlb etdiyini, Xəzər dənizində külək elektrik stansiyalarının, Qarabağ və Şərqi Zəngəzurda günəş enerjisi layihələrinin reallaşdığını diqqətə çatdırdı. O, İƏT ölkələrini bu sahədə ortaq texnologiya, təcrübə və investisiya platforması qurmağa çağırdı. İlham Əliyevin çıxışında nəqliyyat dəhlizlərinin strateji əhəmiyyəti xüsusi yer tuturdu. O vurğuladı ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz (Transxəzər) layihəsi, Asiya ilə Avropanı birləşdirən əsas xəttə çevrilməkdədir. Bu dəhliz çərçivəsində yaradılan logistika imkanları, İƏT ölkələri üçün böyük iqtisadi üstünlüklər vəd edir. Xankəndidə keçirilən İƏT Zirvə görüşü və Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin nə qədər güclü olduğunu bir daha sübut etdi. Bu çıxış təkcə bir siyasi nitq deyildi – bu, Azərbaycan dövlətinin gücünün, liderliyinin, qətiyyətinin və gələcəyə dair strateji baxışının təcəssümü idi.

Prezident İlham Əliyev bu çıxışı ilə bir daha sübut etdi ki, Azərbaycan təkcə regional oyunçu deyil, eyni zamanda bölgənin iqtisadi, siyasi və humanitar gələcəyini müəyyənləşdirən güclü bir liderdir. Xankəndidən başlayan bu yeni səhifə, təkcə Azərbaycanın deyil, bütün İƏT regionunun gələcəyinə açılan ümid pəncərəsi oldu.

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası məsləhətçi

Oxşar Xəbərlər

Back to top button