Azərbaycanın suverenliyinin tam bərpa edilməsi dünya gündəmində
Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ilin 10 noyabr tarixində son qoydu. Torpaqlarımızı işğaldan azad etdiyimiz gündən bu günə kimi ermənilər xaincəsinə əraziləri minalamış, bir çox təxribatlar törədərək mülki əhalinin qanunsuz şəkildə ölməsinə şərait yaratmışlar. Hətta dinc durmayan ermənilərin törətdikləri terror əməliyyatları nəticəsində 2023-cü ilin sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak olmuşdur. Dəfələrlə hərbi qulluqçularımızın həlak olması və yaralanması kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı kimi qiymətləndirilmişdir. Nəticədə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifin puç olduğunu bütün dünyaya göstərdi, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. II Qarabağ savaşının gedişində dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri həmrəylik nümayiş etdirərək, Vətən bildikləri torpaq uğrunda cəsarətlə düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi həyata keçirilir. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu gün artıq keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Azad edilmiş ərazilərdə birbaşa cənab Prezident İlham Əliyevin nəzarətində olmaqla irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb.
Valeh Əmrahov,
Nizami Rayon Gənclər və İdman İdarəsinin məsul işçisi



