AnalitikaGündəmSiyasət

Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır

Bu gün bütün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişikliyi və onun nəticəsində yaranan fəsadların aradan qaldırılmasıdır. Hazırda iqlim dəyişikliyinin təsirlərin azaldılması istiqamətində aktiv müzakirələr aparılır, bir sıra addımlar atılır. Bu mənada “yaşıl enerji” zonalarının yaradılması da mühüm əhəmiyyət kəsb edir. “Yaşıl enerji” istehsalı ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsi, ekoloji çirklənmənin qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır. Belə ki, “yaşıl enerji”dən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir. Bu, eyni zamanda məşğulluğun təmini baxımından əhəmiyyət kəsb edir. Başqa sözlə, “yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişaf üçün vacib amillərdən biridir. Digər bir mühüm üstünlük havanın keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir. Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. “Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir. “Yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq normativ hüquqi aktlar qəbul edilir və institusional tədbirlər həyata keçirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrindən səmərəli istifadə ilə bağlı fəaliyyətin təşkilinin və tənzimlənməsinin təmin edilməsi üçün Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.

Xatırladaq ki, təkcə ötən il Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aid 12 bölgədə tikilən yarımstansiya və su elektrik stansi­yalarının açılışı olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Tür­kiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində qurulan 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin yaşıl enerji strate­giyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gü­cündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Paralel olaraq “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansi­yasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının da ötən il istis­marı reallaşdırılıb. Bununla yanaşı, Laçın rayonunda 8,25 meqavat gü­cündə “Mişni” və 6 meqavat gücün­də “Alxaslı” kiçik su elektrik stansi­yaları yenidən qurularaq istifadəyə verilib. Prezident İlham Əliyev, həm­çinin “AzərEnerji”nin yeni tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bütün bunlarla bərabər, 2023-cü ilin dekabr ayında 110 kilo­voltluq “Ağdam” qovşaq yarımstansi­yasının açılışı həyata keçirilib.

Onu da bildirək ki, ötən il işğaldan azad edilən ərazilərdə “AzərEnerji” tərəfindən 9 elektrik stansiyasının tikintisinə başlanılıb və hazırda hə­min stansiyalar da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən “yaşıl enerji” istehsal edəcək su elektrik stansiya­larının tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsi haqlı olaraq Prezident İlham Əliyevin növbəti uğuru kimi dəyərləndirilir. COP29 konfransına evsahibliyi Azərbaycan üçün 2024-cü ilin həm ən mühüm hadisəsi, həm respublikamızın “ya­şıl iqtisadiyyat”a keçid strategiyası­nın davamı, həm də Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstə­yin ifadəsi kimi qiymətləndirilir.“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs gündəliyimizin “ya­şıl enerji” ilə bağlı olduğunu bir daha görəcək. “Yaşıl enerji” növlərinin ya­radılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli hazırda Azərbay­canın enerji siyasətinin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha təsdiq edir”, – deyə Prezi­dent İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçiril­məsi ilə əlaqədar müşavirədə vur­ğulayıb.Bu məqamda onu da qeyd edək ki, Azərbaycan “yaşıl enerji” mən­bələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, respub­likamızın bərpaolunan enerji mən­bələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavat­dır. Bərpaolunan enerji mənbələri­nin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətlən­dirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “CaspianOil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “CaspianPower” və 30-cu Yubiley “BakuEnergyForum”un rəsmi açılış mərasimində çıxışında qeyd etmişdir ki,neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək. Əlbəttə, ola bilər ki, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır.

Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirənmeyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir. Azərbaycana gəldikdə, biz təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda, biz tərəfdaşlarımızla birlikdə yaşıl enerji layihələrinə də yatırım edirik.

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Respublikamız artıq bu mühüm yolla uğurla irəliləyir. Azərbaycan təqribən, 10 ilə ölkə­də bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehla­kını azaltmağı planlaşdırır.Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini günbəgün möhkəmləndirir. Ölkəmizin enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini böyük əminliklə qeyd edirik.

Rzayeva Xəyalə
Xəzər rayonu, 122 nömrəli məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button