Analitika

Azərbaycanla Qazaxıstan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf etməkdədir

Azərbaycanla Qazaxıstan arasında ortaq tarixə, eyni etnik kökə və dinə malik olan münasibətlər son illər yüksələn xətlə inkişaf etməkdədir. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci illərə təsadüf edir. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. Uzun illər ərzində keçmiş ittifaqın tərkibində eyni siyasi-iqtisadi və coğrafi məkanı Hər iki xalq müstəqillik əldə etdikdən sonar bu əlaqələr intensiv xarakter alıb.  Azərbaycan-Qazaxıstan münasibətləri daim strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyıb. 2005-ci ildə Bakıda imzalanmış “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında” müqavilə bunu təsdiq edir. İki dost, qardaş ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəksək görərik ki, münasibətlərdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi hər zaman aktual məsələ olaraq öndədir. Bu baxımdan Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti iqtisadi sahədə ikitərəfli münasibətlərin inkişafına kömək edir. Komissiyanın tövsiyələri energetika, tranzit və nəqliyyat sistemləri, kənd təsərrüfatı, təhsil və turizm sahələrində ticari-iqtisadi və investisiya əlaqələrinin genişlənməsinə dair ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektrini əhatə edir.  Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır. Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib. Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir. Azərbaycanla Qazaxıstan strateji tərəfdaş olan ölkələrdir. Azərbaycan-Qazaxıstan beynəlxalq arenada birgə fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Məhz bu cür strateji yanaşmanın nəticəsidir ki, Azərbaycan və Qazaxıstan arasında bu illər ərzində heç bir problem yaşanmayıb, Xəzərin hüquqi statusu ilə bağlı ölkələr qısa müddətdə razılığa gələ biliblər.  Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri geniş təkibdə görüşün, eyni zamanda, iki qardaş ölkənin prezidentlərinin görüşü əsasında hər iki tərəfi düşündürən məsələlər ətrafında fikir mübadiləsinin aparılması ilə diqqətdədir. Prezidentlərin mətbuata bəyanatları həm ölkələrimizin bugünədək keçdikləri yolun, həmçinin perspektivlərin təqdimatı baxımından əhəmiyyətlidir. Səfər çərçivəsində Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcəyinə işıq salan xeyli sayda sənədlər imzalandı. Hər bir sənəd əlaqələrin inkişafında yeni mərhələdir.

Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button