Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının mühüm reallıqlarından biri təbii ki, tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Dövlətimizin başçısı İlham Əliyev həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində, həm də yanvarın 7-də ənənəvi olaraq yerli televiziya kanallarına müsahibəsində bu istiqamətdə görülən və görüləcək işlərdən geniş bəhs etdi. Yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Üç ildə 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qaytarılıb. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar.
Hədəflərə gəldikdə Prezident İlham Əliyev bildirdi ki, bu il üçün planda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq. Əsas infrastruktur layihələri, bir-iki ilə başa çatdırılacaq. Ən çox vəsait bu layihələrin icrasına sərf olunur. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Artıq bu torpaqlarda 30-dan çox su elektrik stansiyası işə salınıb, dəmir yolları çəkilib. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Amma yenə də əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib. Burada həm peşəkarlıq, həm də çox ciddi yanaşma göstərilir. Burada söhbət yalnız maliyyə resurslarından getmir. Resurslar ola bilər, amma gərək sənin insan potensialın olsun. Bunun üçün son illərdə kadr hazırlığına da böyük investisiyalar qoyuldu. Texniki imkanlarımız da genişdir. Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür. İkinci yerdə Türkiyə şirkətləridir. Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər. Bizdə çox ciddi texniki potensial, kadr potensialı, maliyyə resurslarımız və güclü düşünülmüş siyasət var. Bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsi ən yüksək standartlara cavab verir. Artıq bu torpaqlarda iki sənaye parkı fəaliyyət göstərir. Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir.
Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir. Prezident İlham Əliyev bu hədəfi də açıqladı ki, yaxşı olardı Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir: «Qoy, onu əyani şəkildə göstərsin. Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil. Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, “banisi olan” Fransa prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq… azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.»
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı