
Azərbaycanın dağ-mədən sənayesinin inkişafı ilə bağlı yeni mərhələdə “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri də genişlənir. Şirkətin mövcud layihələrlə yanaşı, yeni yataqların öyrənilməsi və istismara hazırlanması prosesində iştirakı Dövlət Proqramının əsas icra mexanizmlərindən biri kimi nəzərdə tutulur.
Dövlət sektorunun layihələrdə aparıcı rol oynaması xüsusilə böyük həcmli və uzunmüddətli investisiya tələb edən mədən layihələri üçün əhəmiyyətlidir. Belə layihələrdə geoloji kəşfiyyat, texniki-iqtisadi əsaslandırma, infrastrukturun yaradılması və istehsalın təşkili kimi mərhələlərin ardıcıl həyata keçirilməsi tələb olunur. Dövlət şirkətinin iştirakı bu proseslərin koordinasiyasına imkan yarada bilər.
Balakəndə yerləşən “Filizçay” polimetal yatağı da bu baxımdan xüsusi diqqət çəkən layihələrdəndir. Yatağın istismara hazırlanması ilə bağlı texniki-iqtisadi məsələlərin tamamlanması və yekun investisiya qərarının qəbul edilməsi qarşıdakı mərhələlərin əsas məsələləri sırasında göstərilir. Layihənin reallaşması onun ətrafında emal və digər sənaye fəaliyyətlərinin formalaşmasına şərait yarada bilər.
Gələcəkdə xarici investorların da müəyyən layihələrə cəlb olunması mümkündür. Bununla belə, layihələrin ilkin mərhələdə dövlət tərəfindən hazırlanması və iqtisadi potensialının müəyyənləşdirilməsi investisiya prosesinin daha sistemli aparılmasına imkan verə bilər. “AzerGold”un fəaliyyəti bu baxımdan dövlətin mineral ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsində əsas iştirakçılarından biri kimi çıxış etməsinə şərait yaradır.
Ruhən Hüseynova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Puşkin küçəsi, 19” ərazi partiya təşkilatının sədr müavini



