
İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. Qeyd edək ki, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yeni imkanları və perspektivləri müzakirə etmək üçün 39 ölkədən 267 şirkətin nümayəndəsi iştirak edir. Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı platforma kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən birinə çevrilib.
“Bakı Enerji Həftəsi” əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən götürüb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Yarandığı gündən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahələrinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrilib. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı, istifadəsi sahəsindəki yeniliklər, həmçinin bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə Günəş, külək, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunur. Dövlətimizin başçısı əvvəlcə Azərbaycanın və strateji tərəfdaşlarının enerji təhlükəsizliyinə mühüm töhfə verən SOCAR-ın stendinə baxdı. Bildirildi ki, SOCAR qlobal enerji şirkəti olaraq milli sərvətlərimizin beynəlxalq bazarlara çıxarılmasında strateji rol oynayır. Neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiya istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirən SOCAR keyfiyyətli idarəetmə, şəffaflıq və müasir yanaşmalar əsasında enerji sektorundakı mövqeyini ardıcıl olaraq möhkəmləndirir. Axtarış-kəşfiyyat, hasilat, nəqletmə, emal, istehsal, marketinq, yanacağın pərakəndə satışı, qaz paylanması və bərpaolunan enerji mənbələrinin inkişafı kimi sahələrdə uğurla fəaliyyət göstərən şirkət rəqəmsallaşma, innovasiya, yaşıl enerjiyə keçid vasitəsilə davamlı inkişafı və dayanıqlı artımı təşviq edir. SOCAR, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak edərək, ekoloji cəhətdən təmiz, aşağıkarbonlu və qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verir.
“BP Azərbaycan” da sərgidə təmsil olunur. Dünyanın aparıcı enerji təchizatçılarından biri olan bu şirkət enerji mənbələrinin təhlükəsiz işlənməsi və hasilatı ilə məşğul olaraq müxtəlif enerji həlləri təqdim edir. Azərbaycanda 33 ildir fəaliyyət göstərən bp beş iri layihənin operatorudur və ölkənin enerji sənayesində mühüm rol oynayır. bp bu dövrdə tərəfdaşları ilə birgə Azərbaycana təxminən 85 milyard dollar sərmayə yatırıb, minlərlə iş yeri yaradıb və geniş sosial layihələr reallaşdırıb. “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti qardaş ölkənin karbohidrogen kəşfiyyatı və hasilatı sahəsində 70 ildən çox təcrübəyə malik milli neft şirkətidir və Türkiyənin enerji sektorunun əsas iştirakçılarındandır. Azərbaycanla yanaşı, bir sıra ölkələrdə fəaliyyət göstərən şirkət 2025-ci il üçün İnvestisiya Proqramında dövlət müəssisələri arasında ən böyük investisiya büdcəsinə sahibdir. Şirkət 1994-cü ildən Azərbaycanda bir sıra enerji layihələrində iştirak edir.
İtaliyanın “MAİRE” şirkəti enerji keçidini təşviq etməkdə ixtisaslaşmış aparıcı texnologiya və mühəndislik qrupudur. Şirkət təkrar bazar üçün hərtərəfli mühəndislik və inşaat həlləri, davamlı texnoloji həllər təklif edir. Hazırda 45 ölkədə fəaliyyət göstərən “MAİRE” şirkəti 20 min layihə tərəfdaşından ibarət qlobal şəbəkə tərəfindən dəstəklənir. “Almaniya Federativ Respublikasının Milli Pavilyonu”nda müxtəlif sənaye sahələrinə dair geniş çeşiddə məhsul və xidmətlər təqdim olunur. Bunlara avtomatlaşdırma və proses avadanlıqları, ölçmə və idarəetmə sistemləri, neft və qaz emalı üçün avadanlıqlar, laboratoriya və süzgəc sistemləri daxildir. Bundan əlavə iştirakçılar neft və qazın nəqli, kəşfiyyatı və hasilatı sahələrində həllər, boru kəmərlərinin tikintisi, texniki baxışı və təmiri üzrə texnologiyalar, eləcə də inteqrasiya olunmuş texniki xidmətləri təqdim edirlər.
Baş ofisi Budapeştdə yerləşən “MOL Group” beynəlxalq, inteqrasiya olunmuş neft, qaz, neft-kimya və pərakəndə satış şirkətidir. Bir əsrdən artıq təcrübəyə və 24 min nəfərlik işçi qüvvəsinə malik şirkət 30-dan çox ölkədə fəaliyyət göstərir. “Azəri-Çıraq-Günəşli” layihəsinin 3-cü ən böyük səhmdarı olan şirkət Azərbaycan da daxil olmaqla 9 ölkədə kəşfiyyat və hasilat aktivlərinə malikdir.
Rusiya Federasiyasının “Tatneft” şirkəti də sərgidə təmsil olunur. Şirkət neft və qaz hasilatı, neft emalı və kimyası, yanacaqdoldurma məntəqələri şəbəkəsi, elektrik enerjisi, neft-qaz sənayesi üçün avadanlıqların istehsalı ilə məşğul olur və sərgidə öz xidmətlərini ziyarətçilərə təqdim edir.
Çin Xalq Respublikasının “Sinopec SJ Petroleum Machınery Co.” şirkəti 1941-ci ildə təsis edilib. Şirkət əsasən quruda və dənizdə neft-qaz yataqlarının kəşfiyyatı, hasilatı avadanlıqlarının tədqiqatı, istehsalı və servisi ilə məşğul olur. Həmçinin müştərilərə neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı avadanlıqları üçün inteqrasiya olunmuş həllər təqdim edir.
“Uzbekneftegaz” ASC Özbəkistanın bu sahədə aparıcı şirkətidir. O, hasilatın artırılması, daxili bazarın təchizatı və ixracın genişləndirilməsi istiqamətlərində fəaliyyət göstərir. Şirkət yüksəkdəyərli məhsul istehsalına, emalına və xarici investisiyaların cəlbinə önəm verir. 2020–2030-cu illəri əhatə edən strategiyası modernləşmə, enerji təhlükəsizliyi və innovasiyaya əsaslanan “Uzbekneftegaz” Özbəkistanın enerji müstəqilliyini və iqtisadi inkişafını gücləndirmək məqsədilə texnoloji yeniliklərin formalaşmasında əsas rol oynayır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti dünyanın ən sürətlə inkişaf edən bərpaolunan enerji şirkətlərindən biridir. Qlobal təmiz enerji lideri kimi “Masdar” Günəş, külək, geotermal, enerjisaxlama batareyası və yaşıl hidrogen sahələrində layihələr həyata keçirərək enerji keçidini sürətləndirməyə çalışır. 2006-cı ildən etibarən 40-dan çox ölkədə layihələrə sərmayə qoyan şirkət təmiz və sərfəli enerji təminatına töhfə verir. Şirkət 2030-cu ilədək 100 QVt-lıq bərpaolunan enerji portfeli yaratmağı və yaşıl hidrogen istehsalında lider olmağı hədəfləyir. Qeyd edək ki, “Masdar” şirkəti 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasını istifadəyə verib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Schlumberger” (SLB) şirkəti enerji innovasiyalarını təşviq edən qlobal texnologiya şirkətidir. “SLB” dünyada enerji sənayesinin məhsuldarlığını, davamlılığını təmin etmək üçün qabaqcıl rəqəmsal həllər, innovativ texnologiyalar təklif edir. Şirkət 120-dən çox ölkədə fəaliyyət göstərir. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti bərpaolunan enerji sahəsində dünyanın qabaqcıl qurumlarından biridir. O, Azərbaycanda Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası layihəsini inkişaf etdirir. “ACWA Power” 14 ölkədə 101 elektrik enerjisi və su şirinləşdirmə obyektinin tərtibatçısı, investoru və operatorudur. “ACWA Power”in 107,5 milyard ABŞ dolları dəyərindəki portfeli 78,85 QVt elektrik enerjisi və gündə 9,5 milyon kubmetr şirinləşdirilmiş su istehsal etmək gücünə malikdir. Fransanın qlobal multienerji şirkəti olan “TotalEnergies” metan emissiyalarının monitorinqi və azaldılması sahəsində innovativ həllər təqdim edir. Belə ki, şirkət idarə etdiyi bütün hasilat obyektlərində metan sızmalarını fasiləsiz və real vaxt rejimində aşkar edən avadanlıqlar yerləşdirir. Bu avadanlıq “Metan Daimi Monitorinq Layihəsi” adlanır və ilk dəfə olaraq “Caspian Oil & Gas” sərgisində “TotalEnergies”in stendində təqdim edilir.
Gülər Məmmədbəyli,
Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi