
2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıda keçirilən görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Bu bəyanatda tərəflər Azərbaycan-Aİ tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bəyan ediblər. Görüşdən sonra mətbuata birgə bəyanatla çıxış edən Prezident İlham Əliyev, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bir daha xatırlatdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan bu gün Avropanın enerji xəritəsini dəyişən etibarlı tərəfdaşdır. Xüsusilə, Cənub Qaz Dəhlizi vasitəsilə 10 Avropa ölkəsinə qaz nəql edilməsi Azərbaycanın qitənin enerji təhlükəsizliyindəki əvəzsiz rolunu təsdiqləyir. Görüş zamanı tərəflər regional təhdidləri, o cümlədən son dövrlərdə regionda baş verən gərginlikləri müzakirə ediblər. Antonio Koşta İranın Naxçıvan hava limanına hücumunu pisləyərək, Aİ-nin Azərbaycanın suverenliyi və təhlükəsizliyinə verdiyi dəstəyi ifadə edib.
Bu bəyanat, Aİ-nin Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarı olduğunun güclü mesajı kimi qiymətləndirilir. Bəyanatda gələcək əməkdaşlıq istiqamətləri də geniş yer alıb. “Orta Dəhliz” layihəsinin inkişafı, logistik imkanların genişləndirilməsi və Naxçıvan dəmir yolunun bərpası kimi nəhəng layihələr tərəflərin iqtisadi maraqlarının üst-üstə düşdüyünü göstərir. Eyni zamanda, süni intellekt və rəqəmsal transformasiya sahəsində əməkdaşlıq niyyəti, tərəfdaşlığın təkcə resurslara deyil, həm də müasir texnologiyalara söykəndiyini sübut edir. Görüşün ən mühüm anonslarından biri Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcəyi xəbəri oldu. Bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və Aİ ilə formalaşan dərin etimadın ən yüksək göstəricisidir. Prezident İlham Əliyevin və Antonio Koştanın bu görüşü göstərdi ki, Azərbaycan və Avropa İttifaqı sadəcə iqtisadi tərəfdaşlar deyil, həm də ortaq gələcək naminə strateji hədəfləri olan müttəfiqlərdir. Yeni sazişin yaxın müddətdə imzalanacağı mesajı tərəflərin uzunmüddətli sadiqliyini göstərdi.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



