AnalitikaSosial

BDU-da “Elm və təhsil: Müasir çağırışlar” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, “Z.Xəlilov küç.33” ünvanı üzrə (BDU) ərazi partiya təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində  27 Mart-Elm Gününə həsr olunmuş “Elm və Təhsil: Müasir Çağırışlar” mövzusunda tədbir keçirilib.

Bakı Dövlət Universitetində baş tutuan tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatını sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Elnarə Akimova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev, “Z.Xəlilov küç.33” (BDU)ünvanı üzrə ərazi partiya təşkilatının sədri, h.e.d., professor Zahid Cəfərov, Geologiya fakültəsinin professor-müəllim heyəti və fakültənin tələbələri iştirak edib.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, Respublikamızın suverenliyi və ərazi bötövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

27 Mart-Elm Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyev çıxışında müasir ali təhsil sistemində aparılan islahatların mahiyyəti, tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının əhəmiyyəti barədə geniş danışıb. İlqar Quliyev qeyd edib ki, sahə təcrübələrinin artırılması, müasir laboratoriyaların imkanlarından istifadə, rəqəmsal texnologiyaların tədrisə inteqrasiyası və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi tələbələrin peşəkar inkişafında mühüm rol oynayır. O, gəncləri elmi araşdırmalara maraq göstərməyə və innovativ yanaşmalar tətbiq etməyə çağırıb.

Daha sonra çıxış edən hüquq elmləri doktoru, professor Zahid Cəfərov elm və təhsil sahəsinin hüquqi çərçivələri, akademik mühitdə etik prinsiplər və təhsil hüquqları haqqında ətraflı məlumat verib. O bildirib ki, müasir dövrdə hüquqi savadlılıq yalnız hüquqşünaslar üçün deyil, bütün sahələr üzrə mütəxəssislər üçün vacibdir. Professor akademik dürüstlük, plagiatın qarşısının alınması, şəffaf qiymətləndirmə mexanizmləri və tələbə-müəllim münasibətlərində etik davranışın qorunmasının əhəmiyyətini xüsusi vurğulayıb. O, gənclərin hüquqi biliklərinin artırılmasının cəmiyyətin ümumi inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Ardınca YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək dövlət gənclər siyasəti, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı və onların potensialının reallaşdırılması istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. O qeyd edib ki, müasir Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərə sadiq, həm də müasir dünyagörüşə malik olmalıdır. Bəxtiyar Nəbiyev gənclərin təşəbbüskarlığının dəstəklənməsi, müxtəlif proqram və layihələrdə iştirakının genişləndirilməsi, liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O həmçinin belə maarifləndirici tədbirlərin gənclərin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Elnarə Akimova müasir dövrdə elm və təhsilin strateji əhəmiyyətindən danışaraq bu sahədə həyata keçirilən dövlət siyasəti və islahatlar barədə geniş məlumat verib. O bildirib ki, innovasiya, rəqəmsallaşma, süni intellekt və elmi tədqiqatların inkişafı ölkənin davamlı inkişafının əsas istiqamətlərindəndir. Deputat gənclərin bilik və bacarıqlarının daim yenilənməsinin vacibliyini vurğulayaraq onların qlobal rəqabət mühitinə hazır mütəxəssislər kimi yetişməsinin əhəmiyyətini qeyd edib. Elnarə Akimova həmçinin tələbələri öz üzərində daim işləməyə, yeni biliklərə açıq olmağa və ölkənin inkişafına töhfə verməyə çağırıb.

Tədbirdə həmçinin Geologiya fakültəsinin Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev çıxış edərək geologiya elminin fundamental əsasları, Yer tarixinin öyrənilməsi və bu sahədə aparılan elmi tədqiqatların əhəmiyyəti barədə geniş danışıb. O vurğulayıb ki, geologiya elmi təbii sərvətlərin öyrənilməsi ilə yanaşı, həm də təbii proseslərin dərk olunmasına xidmət edir. Professor tələbələri analitik düşünməyə, elmi yanaşmanı mənimsəməyə və sahə üzrə dərin biliklər əldə etməyə səsləyib.

Sonda çıxış edən Geologiya fakültəsinin faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə çıxış edərək faydalı qazıntıların kəşfiyyatı, mineral ehtiyatların öyrənilməsi və səmərəli istifadəsi istiqamətində aparılan işlər barədə geniş məlumat verib. O qeyd edib ki, Azərbaycanın zəngin təbii ehtiyatları ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və bu sahədə ixtisaslı kadrların hazırlanması strateji əhəmiyyət daşıyır. Akademik müasir texnologiyaların tətbiqi ilə geoloji kəşfiyyat işlərinin daha effektiv həyata keçirildiyini və bu sahədə innovativ yanaşmaların vacibliyini vurğulayıb.

Tədbirin sonunda 2025/2026-cı tədris ilinin qış imtahan sessiyasında yüksək tədris göstəriciləri ilə fərqlənən tələbələr təşəkkürnamə ilə təltif olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

 

Oxşar Xəbərlər

Back to top button