AnalitikaGündəmİdman

Beynəlxalq yarışlarda qürurla dalğalanan Dövlət Bayrağımız

Ölkə başçısı cənab İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.
Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. İdmançılarımız da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Onlar Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.
Bu il beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu bizi bir azərbaycan gənci kimi sevindirir. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Çünki Ölkə rəhbəri tərəfindən idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarmalıdır.
Bildiyimiz kimi, 2025-ci ilin sentyabr-oktyabr aylarında Gəncə şəhərində və Azərbaycanın digər altı şəhərində III MDB Oyunları keçirilmişdir. Bu idman yarışı türk dövlətləri arasında dostluq, əməkdaşlıq və birliyin möhkəmləndirilməsi baxımından mühüm hadisə idi. Bu oyunlarda 13 ölkədən 1600-dən çox idmançının iştirak etməsi MDB məkanında qarşılıqlı əlaqələrin inkişafına xidmət etmişdir. Təbii ki, bundan sonrakı illərdə də bu siyasət davam etdiriləcək.
Qeyd etməliyik ki, Ölkəmizdə ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Azərbaycanda idmanla məşğul olan bütün qurumlar çox sıx əlaqəli şəkildə fəaliyyət göstərirlər. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.

Mustafa Məmmədzadə,
Xəzər rayonunun gənc fəalı, Azərbaycan Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button