
Geniş Avrasiya regionunda həyata keçirilən infrastruktur və iqtisadi layihələr Cənubi Qafqazla Mərkəzi Asiya arasında yeni əlaqə mərhələsi yaradıb. Bu layihələr nəqliyyat, enerji və ticarət sahələrində qarşılıqlı asılılığı artıraraq, regionları vahid inkişaf məkanına çevirir. Artıq Xəzər dənizi iki bölgəni ayıran deyil, əksinə birləşdirən əsas körpü rolunu oynayır.
Bu prosesin mərkəzində nəqliyyat dəhlizlərinin genişləndirilməsi dayanır. Orta Dəhliz adlanan beynəlxalq marşrut həm Avropa, həm Asiya, həm də Yaxın Şərq üçün yeni strateji imkanlar açır. Azərbaycan, Qazaxıstan, Gürcüstan və Özbəkistan kimi ölkələr bu dəhlizin əsas iştirakçıları olaraq regional inteqrasiyanın praktiki daşıyıcılarına çevriliblər.
Enerji və logistika sahəsindəki əməkdaşlıq iqtisadi maraqları birləşdirərək region ölkələri arasında qarşılıqlı etimadı da gücləndirir. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. İnteqrasiya prosesləri həm regional, həm də qlobal səviyyədə Avrasiyanın strateji çəkisini artırır.
Beləliklə, Cənubi Qafqaz və Mərkəzi Asiya artıq sərhədlərlə deyil, maraqlarla birləşən vahid coğrafi və iqtisadi məkana çevrilməkdədir. Bu reallıq Avrasiyanın gələcək xəritəsini formalaşdıran əsas amillərdən birinə çevrilib.
Nigar Cəlalova,
YAP Xəzər rayon təşkilatının fəalı



