AnalitikaGündəmSiyasət

Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik

“Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”. Bunu Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı Azərbaycanın Rusiya tərəfinə bildirilən tələblərinin beynəlxaql təcrübəyə və normal insani davranışa əsaslandığını qeyd edib: “Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.

Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır.

Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”.

Turqay Qəribov,
Ramana bələdiyyəsinin sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button