Analitika

44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək

XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa, Pənahəli xanın şərəfinə “Pənahabad”, bir müddət sonra isə “Şuşa qalası” və “Şuşa şəhəri” adlandırılıb. XIX əsrin sonu XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilən Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırırdılar.

Ulu öndər Heydər Əliyev Suşanın tarixi əhəmiyyətini belə səciyyələndirirdi:”Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.

1992-ci il mayın 8-də Azərbaycanın musiqi, mədəniyyət ocağı olan Şuşa şəhəri dünyanın bəzi aparıcı dövlətlərinin məzlum xalq kimi tanıdıqları, əslində nəinki xalqımıza, bütün insanlığa qarşı terror siyasəti həyata keçirən məkrli ermənilər tərəfindən işğal olundu. Şanlı Azərbaycan Ordusu 30 il düşmən tapdağı altında qalmış doğma orpaqlarımızı 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində azad etdi. Bu əməliyyatlar sayəsində yaşayış məntəqələrimiz bir- birinin ardınca ermənilərdən təmizləndi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-i Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək, Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsini veridi. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın siyasi, hərbi və mənəvi qələbəsini tamamladı.

Otuz iki ildən sonra şuşalıların doğma Şuşaya qayıtması böyük tarixi hadisədir. “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər.Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər” deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya öz evlərinə qayıtmış sakinlərlə görüşdə bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa işğaldan azad olunan gün -2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.İndi isə -“Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır” deyə, Dövlət başçısı bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatı zamanı qazandığımız tarixi qələbəmizi gözügötürməyən,revanşist qüvvələrə qarşı münasibətini də bildirdi.”Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır.Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz.

Həmidə Ələfsərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button