
Kəlbəcərin azad olunması və sakinlərin doğma torpaqlara dönüşü Azərbaycanın tarixi qələbəsinin tərkib hissəsidir. Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı 44 günlük Vətən müharibəsinin qəhrəmanlıqlarını xatırlatdı və qeyd etdi ki, bu döyüşlər Ordumuzun döyüş ruhu, xalqın birliyi və dövlətimizin qüdrətinin parlaq nümunəsi oldu. Müharibənin nəticəsi olaraq Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi və Kəlbəcər, Laçın, Ağdam əraziləri döyüşsüz Azərbaycana qaytarıldı.
Dövlət başçısı vurğuladı ki, Kəlbəcər sakinləri artıq birinci yaşayış kompleksində evlərlə təmin olunur, lakin inşaat işləri bununla bitmir. Növbəti mərhələdə salınacaq yaşayış komplekslərində 10 mindən çox insan yerləşəcək. Bu layihələr Böyük Qayıdış Proqramının uğurlu icrasını nümayiş etdirir və 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qaytarılması planlaşdırılır.
Böyük Qayıdış yalnız fiziki məskunlaşma deyil, həm də tarixi ədalətin, xalqın iradəsinin və dövlətin gücünün təcəssümüdür. Prezident İlham Əliyev bu proqram çərçivəsində görülən işlərin miqyasını, sakinlərin təhlükəsiz və rahat yaşayış şəraitinin təmin olunmasını yüksək qiymətləndirərək vurğuladı ki, azad edilmiş torpaqlarımızda yeni həyat artıq başlanıb və Kəlbəcər bu prosesin lider şəhərlərindən biri kimi diqqət çəkir.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Siyasət Həsənov