AnalitikaGündəmSiyasət

Bu gün 20 sentyabr Azərbaycan xalqı üçün sadəcə bir təqvim tarixi deyil, milli həmrəyliyin, dövlətimizin qüdrətinin və xalqımızın iradəsinin təcəssümüdür

20 sentyabr Azərbaycan xalqının qürur və şərəf günlərindən biridir. Artıq iki ildir ki, bu tarixdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur. Bu günün təsis olunması yalnız tarixi hadisə deyil, həm də dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və mübarizliyinin təntənəsidir. Otuz ildən artıq bir müddətdə işğal altında qalan bu torpaqlar 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində düşmən silahlı birləşmələrindən təmizləndi və Azərbaycanın tam nəzarətinə qaytarıldı. Beləliklə, xalqımızın 30 illik gözləntisi gerçəkləşdi, dövlətimizin suverenliyi tam bərpa olundu. Həmin günlərdə hər bir azərbaycanlı tarixi hadisələrin şahidi olaraq sevinci və qüruru birlikdə yaşadı.

Oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfər edərək bu şəhərlərin meydanlarında üçrəngli bayrağımızı ucaltdı. Dövlət başçısının xalqa müraciətində səsləndirdiyi “bu gün tarixi gündür” sözləri hər bir azərbaycanlının ürəyində əks-səda doğurdu. Uzun illər boyu xalqımız bu anı səbirsizliklə gözləmişdi və həmin gün Azərbaycan xalqı öz ən böyük arzusuna qovuşdu. Noyabrın 8-də isə Xankəndidə Vətən müharibəsində qazanılmış Qələbənin üçüncü ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad keçirildi. Bu parad yalnız hərbi güc nümayişi deyildi, həm də Azərbaycanın möhtəşəm Zəfərinin dünyaya bəyanı idi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan xalqı uzun illər boyu bir amal uğrunda – işğal altındakı torpaqların azad edilməsi uğrunda mübarizə aparıb və bu gün həmin mübarizənin bəhrəsi kimi üçrəngli bayrağımız azad Qarabağda dalğalanır.

Zəfərdən sonra Qarabağ torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yollar, məktəblər, yaşayış məhəllələri inşa edilir, həyat yenidən bölgəyə qayıdır. Xankəndidə yaradılan Qarabağ Universiteti isə azad edilmiş ərazilərin gələcəyinə yönəlmiş ən böyük layihələrdən biridir. Burada yetişəcək gənclər Qarabağın elmi, mədəni və intellektual dirçəlişinə xidmət edəcək. Digər mühüm hadisə isə Ağdərə rayonunun yenidən yaradılması oldu ki, bu da həm tarixi ədalətin bərpası, həm də bölgənin idarəçiliyinin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.

Qələbənin gətirdiyi sevinci xalqımız həyatın bütün sahələrində yaşayır. Məktəblərdə xüsusi tədbirlər təşkil olunur, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirir, qəhrəmanlıq mahnıları oxuyur, şəhidlərimizin müqəddəs xatirəsi yad edilir. Bu tədbirlər gənc nəslin milli ruhda böyüməsinə, Vətən sevgisinin daha da möhkəmlənməsinə xidmət edir. 2023-cü ilin dekabrında isə Xankəndidə idman tarixinə qızıl hərflərlə yazılan hadisə baş verdi – 30 ildən sonra Qarabağ torpağında ilk rəsmi futbol oyunu keçirildi. Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunda MOİK-lə qarşılaşdı. Bu görüşü Prezident İlham Əliyevin stadiondan izləməsi bütün xalqımız üçün böyük qürur mənbəyinə çevrildi. Futbolun Qarabağa qayıdışı yalnız idman hadisəsi deyildi, həm də milli ruhun, azadlığın və zəfərin təntənəsi idi.Dövlət səviyyəsində isə işğaldan azad olunmuş torpaqlarımızda ardıcıl olaraq böyük tədbirlər həyata keçirilir.

Ötən illərdə və bu günlərdə Xocalı rayonunun kəndlərində, şəhərin özündə, həmçinin Ağdərə və digər bölgələrdə təməlqoyma mərasimləri, yaşayış binalarının, sosial obyektlərin, sənaye müəssisələrinin və infrastruktur layihələrinin açılışları keçirilib. Xocalıda Soyqırımı Memorialının təməli qoyulub, çoxmənzilli binalar istifadəyə verilib, hava limanı və yarımstansiyalar açılıb, kəndlərdə yeni təsərrüfatlar yaradılıb. Ağdərədə isə Dövlət Bayrağımız ucaldılıb, Sərsəng su anbarına gedən yol istifadəyə verilib, Suqovuşanda yeni yaşayış kompleksləri və məscid açılıb, kəndlərdə sakinlərə evlərin açarları təqdim olunub.

Bu gün 20 sentyabr Azərbaycan xalqı üçün sadəcə bir təqvim tarixi deyil, milli həmrəyliyin, dövlətimizin qüdrətinin və xalqımızın iradəsinin təcəssümüdür. Şəhidlərimizin ruhunu şad edən bu gün hər bir vətəndaşın qəlbində qürur hissi doğurur. Azərbaycanın şanlı tarixi göstərdi ki, xalq və dövlət bir amal uğrunda birləşəndə heç bir güc qarşısında dayana bilməz. Bu gün sevinclə qeyd etdiyimiz Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü gələcək nəsillər üçün həm qəhrəmanlıq dərsi, həm də böyük Vətən sevgisinin simvolu olaraq qalacaq.

Cavid Cəfərzadə
Xəzər rayonu, 206 №li tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button