Bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların kəsişdiyi yer deyil, həm də siyasi, mədəniyyətlərin də qovuşduğu məkandır

Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və dini-mənəvi dəyərlərə dərin ehtiramın ifadəsinə çevrilən bir ölkə. Paytaxtımızda keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirəndə əmin oluruq ki, respublikamız dünyanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Eyni zamanda Azərbaycan regional lider kimi qlobal problemlərin həllində platforma rolunu oynayır.
Əminliklə qeyd edə bilərik ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir. Xüsusi qeyd edilməlidir ki, Mədəniyyətlərarası Dialoq Forumu təkcə yeni dövrün problemlərindən doğan bir proses deyil. Məhz bu çərçivədə “Bakı Prosesi” 2008-ci ildən başlayaraq qeyd edilən məsələlər ətrafında fəallıq göstərir. Prezident İlham Əliyev tərəfindən əsası qoyulan və hər il mütəmadi şəkildə keçirilən forumlar, dialoqlar və tədbirlərdə dünyaya aydın mesajlar verilir. Məhz deyilənlərin fonunda sözügedən proses bizi birləşdirən dəyərlər, mədəni birlik, eyni zamanda kimliyimizə qayıdış kimi məfhumları daha çox qabardır.
Bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların kəsişdiyi yer deyil, həm də siyasi, iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin də qovuşduğu məkandır. Zaman keçdikcə dünyada gedən mürəkkəb proseslər sivilizasiyaların dialoquna daha çox ehtiyacın olduğunu göstərir. Mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulmasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm rola malikdir. Bu amili indiyədək keçirilən forumların müsbət nəticələri də bir daha təsdiq edir. Dünyada xalqlar və dinlər arasında forum və dialoqların təşkilində Azərbaycanın əvəzedilməz rolu yüksək qiymətləndirilir. Belə ki, Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə “Bakı Prosesi”nə start verilməsi sonrakı dövrlərdə bu istiqamətdə fəaliyyətin başlanğıcına geniş yol açdı. Bu təşəbbüsün əsasında isə ölkəmizin ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərblə islam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Eyni zamanda forumda səsləndirilən fikirlər Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bir daha təsdiq edir. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev demişdir:”Azərbaycana gəldikdə, mədəniyyətlərarası dialoq elə bir məfhumdur ki, biz onu güclü şəkildə təşviq edirik. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil edirik. Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin bir hissəsi olaraq məhz bunu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində həyata keçiririk və digər tədbirlərdə bu məsələyə toxunuruq. Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır. Bu dialoq məsələsi orada da müzakirə olunacaqdır. Əminəm ki, bütün dünyadan gələn bu sahə üzrə rəhbərlər bu gün Bakıda həmrəylik nümayiş etdirəcəklər və liderlik göstərəcəklər. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər. Bunlar çox vacib amillərdir. Əfsuslar olsun ki, biz bəzi hallarda fərqli mesajları da eşidirik və bu da əlavə gərginlik yaradır. Bir sözlə, düşünürəm ki, bu istiqamətdə müsbət tendensiyalar güclü şəkildə dəstəklənməlidir.”
Tənzilə Lətifova,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti



