
Hər zaman dünya bazarında tələb olunan Azərbaycanın netf- qaz sənayesi müstəqilliyimizin ilk illərindən xüsusilə inkişaf etmişdir. 90- cı illərin əvvəllərində Qərb ölkələrinin neft şirkətlərinin nümayəndələri ilk dəfə Bakıya Xəzər nefti ilə maraqlanmağa gəlmiş və hətta Böyük Britaniyanın BP və Ramco şirkətləri, Norveçin dövlət neft şirkəti Azərbaycanın o vaxtkı rəhbərliyindən Xəzərdəki neft yataqlarını inkişaf etdirmək barədə qeyri-rəsmi razılıq əldə etmişdilər. Bu dönəmdə 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı. “Əsrin müqaviləsi” adı ilə tanınmış bu müqavilə, Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın ən iri neft şirkətləri ilə pay şəklində bölüşdürülməsinə səbəb oldu. Müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişafını təşkil edən və siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft siyasətinin həyata keçirilməsinin təzahürü idi. Əsrin müqaviləsi Azərbaycanda sabitliyi təmin etdi və milli birlik hissinin yaranmasına xidmət göstərdi. Bir neçə il sonra Bakı-Supsa neft kəmərinin və Çıraq yatağının istifadəyə verilməsi ilə ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür. Bununla da, Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün növbəti mühüm addım atılmışdır.
XXI əsrdə “Şahdəniz” yatağından ilk qaz alınması, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Ceyhan limanına çatması, Bakı-Tbilisi-Ərzurum Boru Xətti istifadəyə verilməsi ilə neft- qaz sənayemiz daha da inkişaf etmişdir. Öz tarixi əhəmiyyəti baxımından heç də Bakı-Tbilisi-Ceyhan neft kəmərindən geridə qalmayan hadisə — Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və “Şahdəniz” yatağından qazın hasilatına başlanması mühüm hadisə oldu. Məhz bu layihənin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün nəinki, neft ixrac edən, eyni zamanda qaz ixrac edən ölkəyə də çevrilmişdir.
Həmçinin yaşadığımız dönəmdə Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin həyata keçirilməsi üzrə genişmiqyasli işlər həyata keçirilərək tamamlanmışdır.
Bundan başqa, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında müqavilənin imzalanmasını birmənalı olaraq tarixi əhəmiyyətli hadisə adlandırmaq olar. Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına da öz müsbət təsirini göstərəcək Transxəzər enerji kəmərinin reallaşmasına töhvəsini verəcək.
Bildiyimiz kimi, İyunun 2-4-də Bakıda keçirilən 30-cu Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisində dünyanın ən böyük metallurgiya şirkətlərindən biri olan “Severstal” Azərbaycandan olan müştərilərinə irimiqyaslı neft, qaz layihələrinin həyata keçirilməsi üçün tələb olunan geniş çeşiddə məhsullar təklif edir. Bu irimiqyaslı sənaye hadisəsində iştirak Azərbaycan bazarlarının şirkət üçün strateji əhəmiyyətini vurğulayır, həmçinin “Severstal”ın regionun neft, qaz və infrastruktur sektorlarında əsas oyunçularla əməkdaşlığı genişləndirmək istəyini təsdiqləyir.
Bununla da aydın olur ki, zaman keçdikcə neft- qaz strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrilmişdir. Başqa sözlə desək, neft- qaz strategiyası əsas məqsədinə — ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və həyata keçirilən tədbirlər nəticəsində ölkənin iqtisadi inkişafına nail olmuşdur.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi