AnalitikaGündəmSiyasət

Bu gün Laçın Şəhəri Günüdür

Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km, Xankəndi dəmir yolu stansiyasından isə 60 km məsafədə yerləşir. Laçın rayonu 18 may 1992-ci ildə erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunmuşdur. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58736 (01.01.2013-cü il tarixə 72.2 min nəfər) nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 57 şəhər və rayonunda məskunlaşmışdır.

Eyni zamanda hazırda məcburi köçkünlük həyatı yaşayan, rayonun rəsmi mətbuat orqanı olan “Laçın “ qəzeti 1931-ci ildən nəşr olunur. Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfəri şəhid olmuş, 66 nəfəri girov götürülmüş, 120 nəfər əlil olmuş, yüzlərlə uşaq yetim qalmışdır. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür. Ümumi sahəsi 1835 km² olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.

Rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, bitkiçilik, arıçılıq və qisməndə bağçılıq və bostançılıq təşkil edir. İşğaldan əvvəl rayonda yağ-pendir, konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, yun və gön-dəri qəbulu müəssisəsi, kimya birliyi, baytarlıq müalicəxanası, tikinti materialları istehsalat birliyi, ağac emalı sənayesi, yol və tikinti quraşdırma idarəsi, Sumqayıt alüminium və maşınqayırma zavodlarının filialları, yüngül sənaye və yerli sənaye kombinatları, iki ədəd asfalt zavod, beton zavod, texniki təchizat birliyi, suvarma sistemləri idarəsi, 23 tikinti idarəsi, mərmər, əhəng, pemoksol və toxuculuq sexləri, iki ədəd daş karxanası, avtonəqliyyat müəssisəsi, təhsil, səhiyyə, mədəniyyət, ticarət, ictimai iaşə, rabitə, kommunal müəssisələri və digər idarə müəssisələr fəaliyyət göstərirdi.

İşğaldan azad olunan laçınımızda hazırda quruculuq işləri uğurla aparılır. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.

Əliyeva Gunel
Xəzər rayonu, 183 saylı orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button