AnalitikaGündəmSiyasət

Bu gün Qanlı Yanvar hadisələri Azərbaycan tarixində totalitar rejimin törətdiyi ağır cinayət kimi qiymətləndirilir

Qanlı Yanvar qırğını Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixində ən faciəli, eyni zamanda ən şərəfli səhifələrdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının hərbi birləşmələri tərəfindən Bakıda və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı həyata keçirilən bu qanlı əməliyyat insanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət kimi tarixə düşmüşdür.1990-cı il yanvar faciəsinə aparan yol 1987-ci ildən başlayaraq gərginləşən ictimai-siyasi proseslərlə sıx bağlı idi. Həmin dövrdə azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri geniş vüsət almışdı. Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı zorakılıq, təzyiq və təhdidlər nəticəsində doğma yurdlarını tərk etməyə məcbur edildi. Bütün bunlar Azərbaycan cəmiyyətində haqlı narazılıq və etiraz dalğası yaratmışdı.

Artan gərginliyin qarşısını almaq, millətlərarası münaqişəni ədalətli və hüquqi yollarla həll etmək əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı güc tətbiq etmək yolunu seçdi. 1990-cı ilin yanvarında Bakıya və digər şəhərlərə fövqəladə vəziyyət elan edilmədən iri həcmli hərbi qüvvələr yeridildi. Bu, SSRİ rəhbərliyinin öz vətəndaşlarına qarşı açıq zorakılığı idi.

Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, habelə hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, eləcə də digər xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Bu faktlar əməliyyatın əvvəlcədən planlaşdırıldığını və məqsədli şəkildə hazırlandığını açıq şəkildə sübut edir.

Yanvarın 20-nə keçən gecə tanklar, zirehli maşınlar və ağır silahlarla silahlanmış sovet ordusu Bakıya daxil olaraq dinc əhaliyə atəş açdı. Qadınlar, uşaqlar, qocalar heç bir fərq qoyulmadan qətlə yetirildi. İnsanlar evlərində, küçələrdə, təcili yardım maşınlarında belə güllələndi. Rəsmi məlumatlara görə, həmin gecə və sonrakı günlərdə yüzdən artıq insan şəhid oldu, yüzlərlə yaralı və həbs edilənlər vardı.Qanlı Yanvar qırğını Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, bu faciə milli azadlıq hərəkatını daha da gücləndirdi və müstəqillik yolunda dönüş nöqtəsinə çevrildi. Şəhidlərin qanı bahasına əldə edilən azadlıq ideyası xalqın yaddaşında əbədi həkk olundu.

Bu gün Qanlı Yanvar hadisələri Azərbaycan tarixində totalitar rejimin törətdiyi ağır cinayət kimi qiymətləndirilir. 20 Yanvar şəhidlərinin xatirəsi xalqımız tərəfindən dərin hörmət və ehtiramla anılır, onların mübarizəsi gələcək nəsillərə azadlıq dərsi kimi ötürülür.

Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button