Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır
Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan ordusu Vətən müharibəsinin 29-cu günündə Qubadlı şəhərini işğaldan azad etdi. Qubadlı döyüşləri son dərəcə ağır və çətin şəraitdə keçdi. Çünki Ermənistanın təcavüzkar hərbi-siyasi rəhbərliyi yaxşı bilirdi ki, düşmənə aman verməyən ordumuz işğal altında saxladığı bütün torpaqlarımızı tezliklə azad edəcək. Bu səbəbdən də, Ermənistan silahlı qruplaşmaları Qubadlı rayonunun ərazisində güclü istehkamlar qurmuşdular. Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra düşmən ordusu böyük qorxu və həyəcan içində idi. Yenilməz ordumuz bütün gücünü və peşəkarlığını döyüş meydanında nümayiş etdirərək Ermənistan ordusunu bu istiqamətdə də məhv etdi. 2020-ci ilin oktyabrın 25-də bir sıra yüksəkliklər və Qubadlı şəhəri azad edildi.Respublika Prezidentinin göstərişinə əsasən artıq Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər görülür, yeni-yeni layihələr həyata keçirilir. Rayon Cəbrayıldan sonra Şərqi Zəngəzur iqtisadi zonasında ən çox əkin sahələrinə sahib olan bir ərazi olduğu üçün ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında müstəsna rolu ilə seçilir. Belə ki, 11 min hektar əkin sahəsi olan Qubadlıda torpaqların dövriyyəyə daxil olması iqtisadi inkişafımıza müsbət töhfəsini verəcək. Eyni zamanda, rayon böyük turizm potensialına, iqtisadi resurslara və faydalı qazıntılara malikdir. Azərbaycanın ən böyük su ehtiyatlarından biri olan Həkəri və Bərgüşad çayı məhz Qubadlıdan keçir. Bu cür bolsulu çayları olan rayonda kənd təsərrüfatını inkişaf etdirmək çox rahatdır.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il oktyabrın 19-da Qubadlı rayonuna növbəti dəfə səfər edərək həyata keçirilən layihələrlə tanış oldular. Prezident rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarında aparılan işlərlə tanışlıqdan sonra “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etdi. Birinci xanımla birlikdə Qubadlı şəhərinin Baş planı ilə tanış olan dövlət başçısı İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu. Vətən müharibəsi zamanı Qubadlının azad olunması istiqamətində gedən döyüşlərdə şəxsi igidlik və böyük şücayət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa quruculuq işləri sürətlə aparılır. Sevindirici haldır ki, görülən işlərə prezidentimiz cənab İlham Əliyev şəxsən nəzarət edir, tapşırıq və tövsiyyələrini verir. Bu bir daha onu mümayiş etdirir ki, işğaldan azad edimiş ərazilərə dövlət başçımız xüsusi diqqət göstərir.2020-ci il 23 dekabr tarixində Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin Qubadlıda Azərbaycan bayrağını qaldırması isə tarixi hadisə olmaqla yanaşı, qubadlılarla yanaşı, bütün Azərbaycan xalqının ümumi sevincinə səbəb oldu. Bundan sonra 25 oktyabr tarixi Azərbaycan dövlətinin tarixində Şanlı səhifə olaraq qalacaqdır.
Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi



