AnalitikaGündəmSiyasət

Cəbrayıl zəfəri: həsrətdən quruculuğa uzanan yol

“Əziz həmvətənlər. Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il oktyabrın 4-də xalqa müraciəti bu sözlərlə başlayırdı. Həmin gün milyonlarla azərbaycanlının qəlbində illərin həsrəti sevincə, intizar qürura çevrildi. Bu, sadəcə, bir şəhərin azad edilməsi haqqında xəbər deyildi. Bu, Azərbaycan xalqının öz torpaqlarına qayıdacağına, tarixi ədalətin bərpa olunacağına dair inamının gerçəyə çevrilməsinin müjdəsi idi. Bu gün həmin tarixi anı xatırlayarkən o sevinc və qürur hissini yenidən yaşayırıq.

Lakin həmin qələbənin əsl mahiyyətini anlamaq üçün Cəbrayılın keçdiyi ağrılı tarixə nəzər salmaq vacibdir. Cəbrayıl şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, rayonun əhalisi doğma yurdlarından didərgin salınmışdı. İşğal illərində yaşayış məntəqələri, tarixi-mədəni abidələr və infrastruktur obyektləri dağıdılmış, şəhərin simasına ağır ziyan vurulmuşdu. İllərlə doğma yurddan uzaqda yaşamağa məcbur qalan cəbrayıllıların qəlbində isə dəyişməyən bir arzu vardı: öz evlərinə, öz torpaqlarına qayıtmaq.

Məhz buna görə 4 oktyabr 2020-ci il Cəbrayılın tarixində yeni bir səhifənin başlanğıcı oldu. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində şəhərin azad edilməsi Vətən müharibəsinin ilk böyük şəhər zəfərlərindən biri kimi xüsusi əhəmiyyət qazandı. Cəbrayıl istiqamətində əldə olunan hərbi uğurlar düşmənin müdafiə xəttinin yarılmasına və sonrakı əməliyyatlar üçün mühüm imkanların yaranmasına şərait yaratdı. Bu baxımdan Cəbrayıl zəfəri təkcə bir yaşayış məntəqəsinin azad edilməsi deyil, Böyük Zəfərə aparan yolun mühüm mərhələsi idi. Oktyabrın 9-da Hadrutun azad edilməsi ilə bu istiqamətdə əldə olunan uğurlar daha da genişləndi və Azərbaycanın Şuşaya doğru irəliləməsi üçün yeni imkanlar yarandı.

Beləliklə, Cəbrayıl zəfəri təsadüfi hərbi uğur deyil, illər ərzində formalaşdırılmış müdafiə potensialının, dövlət siyasətinin və milli iradənin nəticəsi kimi tarixə yazıldı. Azərbaycan Ordusunun hazırlığı və döyüş qabiliyyəti, Ali Baş Komandanın rəhbərliyi və xalqın həmrəyliyi Vətən müharibəsində qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında birbaşa rol oynadı. Cəbhədən gələn hər bir qələbə xəbəri ölkənin bütün bölgələrində böyük ruh yüksəkliyi yaradır, xalqın qələbəyə inamını daha da gücləndirirdi. Cəbrayılın azadlığı da həmin milli həmrəyliyin və mübarizə əzminin parlaq nümunələrindən birinə çevrildi.

Ancaq Cəbrayılın azad edilməsi ilə qarşıda duran vəzifələr başa çatmırdı. Əksinə, hərbi qələbə qarşıya daha böyük bir məsələ qoyurdu: uzun illər dağıdılmış torpaqlarda həyatın yenidən qurulması və insanların doğma yurdlarına qaytarılması. Çünki qələbənin davamlı və real nəticəsi yalnız azad edilmiş ərazilərin xəritədə Azərbaycanın tərkib hissəsi kimi bərpa olunması deyil, həmin torpaqlarda həyatın yenidən canlandırılmasıdır. Bu baxımdan Cəbrayılın bugünkü siması zəfərdən quruculuğa keçidin mühüm nümunələrindən biridir. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, burada da genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün şərait yaradılır.

Quruculuq prosesinin miqyası həm də onu göstərir ki, Azərbaycanın baxışında zəfər yalnız keçmişin ədalətsizliyinin aradan qaldırılması ilə məhdudlaşmır. Azad edilmiş ərazilərin bərpası, insanların təhlükəsiz və layiqli həyat şəraitinin təmin olunması, iqtisadi fəaliyyətin canlandırılması və regionun gələcək inkişafının formalaşdırılması qələbənin sülh və tərəqqi ilə tamamlanmasını nəzərdə tutur. Bu mənada Cəbrayılın dünəni ilə bu günü arasında uzanan yol həsrətdən qayıdışa, dağıntıdan quruculuğa doğru dəyişimin ifadəsidir.

Hərbi zəfərin yaratdığı yeni reallıqlar regionun gələcəyi ilə bağlı siyasi proseslərə də təsir göstərdi. Azərbaycan üçün əsas məsələlərdən biri əldə edilmiş tarixi nəticələrin qorunması və Cənubi Qafqazda davamlı sülhün təmin edilməsidir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması və sülh haqqında sazişin razılaşdırılmış mətninin paraflanması bu istiqamətdə mühüm mərhələ oldu.

Beləliklə, Cəbrayılın tarixində bir-birini tamamlayan iki mühüm mərhələ aydın görünür: əvvəlcə torpağın azad edilməsi, ardınca isə onun dirçəldilməsi. Birinci mərhələ xalqımızın hərbi və siyasi iradəsini nümayiş etdirdisə, ikinci mərhələ həmin zəfərin uzunmüddətli nəticələrini təmin edir. Bu baxımdan azad edilmiş ərazilərdə quruculuq işləri ilə yanaşı, regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi də gələcəyin əsas vəzifələri sırasındadır.

Mübariz Xudaverdiyev,
Bakı şəhəri, Pirallahı rayonu 186 nömrəli tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi

Oxşar Xəbərlər

Back to top button