
Bir bölgənin tarixini yalnız kitabların səhifələrində axtarmaq mümkün deyil. Bəzən bir qalanın divarında, qədim türbənin quruluşunda, məscidin memarlığında, kurqanın formasında və ya köhnə qəbiristanlığın daşlarında bütöv bir tarixin izlərini görmək mümkündür. Cəbrayıl da belə zəngin maddi irsə malik ərazilərdən biri olub.
Rayonun ərazisində yerləşən arxeoloji obyektlər Cəbrayılın qədim tarixinin araşdırılması üçün mühüm mənbələr təşkil edirdi. Dağtumas kəndi yaxınlığındakı “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları bölgənin qədim yaşayış və mədəni inkişaf mərhələləri barədə təsəvvür yaradan obyektlər sırasında idi.
Diri dağının tarixi simasında Mazannənə və Mərmər nənə məqbərələrinin də xüsusi yeri vardı. Belə abidələr təkcə keçmişin yadigarı deyil, həm də müəyyən dövrün memarlıq və dini təsəvvürlərini əks etdirən nümunələrdir.
Cəbrayılın kəndlərində yerləşən memarlıq abidələri rayonun tarixi coğrafiyasını daha da zənginləşdirirdi. Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala” və Diri dağındakı “Qız qalası” müxtəlif dövrlərdən xəbər verən tarixi tikililər idi.
Xudafərin körpüləri isə Cəbrayılın ən tanınmış tarixi simvollarından biridir. Araz üzərində inşa edilmiş bu körpülər həm mühəndislik baxımından, həm də regionun tarixi əlaqələrinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Onlar müxtəlif əraziləri birləşdirən qədim yolların mühüm hissəsi olub.
Cəbrayılın dini memarlığı da zənginliyi ilə seçilirdi. Çələbilər kəndindəki məscid kompleksi bu irsin nümunələrindən biri idi. Məscidlər əsrlər ərzində dini funksiyası ilə yanaşı, insanların bir araya gəldiyi və ictimai həyatın müəyyən məsələlərinin müzakirə olunduğu məkanlar kimi də fəaliyyət göstərib.
Rayon mərkəzində yerləşən “Sultan Məcid hamamı” şəhərin tarixi memarlıq mühitinin başqa bir nümunəsi idi. Hamamın mövcudluğu Cəbrayıl şəhərində formalaşmış ənənəvi şəhər mədəniyyəti haqqında təsəvvür yaradırdı.
Şıxlar kəndindəki “Dairəvi Türbə” və Xubyarlı kəndindəki səkkizguşəli dairəvi türbələr də bölgənin memarlıq xüsusiyyətlərini əks etdirən qiymətli tikililər idi. Bu abidələrin forması, planlaşdırılması və inşa texnikası Azərbaycan memarlığının müxtəlif mərhələlərinin öyrənilməsi üçün əhəmiyyətli material verirdi.
Türk qəbiristanlığındakı türbə və məqbərələr də Cəbrayılın tarixi-mədəni mənzərəsinin bir hissəsini təşkil edirdi. Qəbirüstü abidələr və məqbərələr keçmişdə yaşamış insanların, dini ənənələrin və yerli icmaların tarixi haqqında məlumatların qorunmasına imkan verən mühüm mənbələrdir.
İşğal illərində sadalanan abidələrin bir qisminin məhv edilməsi, digərlərinin isə dağıntıya məruz qalması Cəbrayılın tarixi simasına ağır zərbə vurdu. Abidələrin zədələnməsi onların yalnız xarici görünüşünün dəyişməsi demək deyildi. Memarlıq elementlərinin itirilməsi tədqiqatçılar üçün həmin tikililərin ilkin xüsusiyyətlərinin öyrənilməsini də çətinləşdirir.
Cəbrayılın azad edilməsindən sonra tarixi irsin vəziyyətinin müəyyənləşdirilməsi və qorunması üçün yeni mərhələ başlayıb. Dağıntıların sənədləşdirilməsi, arxeoloji və memarlıq tədqiqatlarının aparılması, bərpa edilə bilən obyektlərin müəyyənləşdirilməsi rayonun mədəni həyatının yenidən qurulmasının mühüm hissəsidir.
Cəbrayılın gələcək inkişafında müasir şəhərsalma ilə tarixi irsin qorunması paralel aparılmalıdır. Yeni yollar, yaşayış binaları və sosial obyektlərlə yanaşı, keçmişdən qalan abidələrin də yaşadılması şəhərin özünəməxsus simasının qorunmasına imkan verəcək.
Cəbrayılın daşlara həkk olunmuş tarixi gələcək nəsillər üçün qorunmalı olan böyük sərvətdir. Dağıdılmış abidələrin yaddaşdan silinməməsi, onların tarixinin araşdırılması və mümkün olduqda bərpası bölgənin mədəni kimliyinin yaşadılmasına xidmət edir. Bu torpağın hər bir tarixi abidəsi Cəbrayılın keçmişindən gələcəyə uzanan canlı bir körpüdür.
Pərvanə Əliyeva,
YAP Xətai rayon təşkilatı fəalı



