AnalitikaGündəmSiyasət

Cənubi Qafqaz elə bir regiondur ki, buradakı geosiyasi gərginlik bir çox prosesləri müəyyən edir

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir.

Prezident Mixail Kavelaşvilinin ilk xarici səfərini aprelin 15-də Azərbaycana etməsi də bu əməkdaşlığın nə qədər mühüm olduğunu göstərir.Aprelin 16-da Prezident İlham Əliyev gürcüstanlı həmkarını qəbul etdi və liderlər arasında təkbətək görüş oldu.Görüşdən sonra liderlərin mətbuata bəyanatları diqqət çəkib. Əvvəlcə deyim ki, Gürcüstan Azərbaycanın regionda ən etibarlı tərəfdaşıdır. İki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edir, bir-birinin ərazi bütövlüyünə hörmət edir. Kavelaşvili Prezident İlham Əliyevlə mətbuata bəyanatında bu məsələyə toxunaraq “Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim” deyib. Həqiqətən də Gürcüstan və Azərbaycan regionda mühüm meqalayihələri birgə icra edir. Bunlardan ən önəmlisi TANAP layihəsidir. Hansı ki, bu layihə ilə rəsmi Bakı Avropanın enerji təminatında ildən-ilə mühüm oyunçuya çevrilir. Gürcüstan isə ötürücü ölkə olaraq mühüm paya malikdir. Təbii ki, Gürcüstanın Batum və Poti limanları da Azərbaycanın dünya ticarətinə açılan pəncərələridir. Yəni iki ölkə arasında səmimi dostluqdan əlavə, həm də qarşılıqlı maraqlar çərçivəsində uğurlu əməkdaşlıq var.

Cənubi Qafqaz elə bir regiondur ki, buradakı geosiyasi gərginlik bir çox prosesləri müəyyən edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və ya Bakı-Tbilisi-Qars dəmir yolu kimi birgə layihələr iki ölkənin dərin qarşılıqlı asılılığını nümayiş etdirir. Bu təşəbbüslər iqtisadi səmərəlilikdən əlavə, həm də Gürcüstan və Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Səfər iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə və regional münaqişələrlə bağlı risklərin azaldılmasına yönəlmiş yeni ideyaların müzakirəsi üçün platformaya çevrilə bilər ki, bu da mövcud qeyri-sabitlik şəraitində xüsusilə vacibdir”. Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu, şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq.

Lamiyə Mikayılova,
Maştağa qəsəbəsi,  293 saylı orta məktəbin İngilis dili müəlliməsi 

Oxşar Xəbərlər

Back to top button